Səhər acqarına su içmək çox yaxşı adətdir. Elmi cəhətdən də sübut olunub ki, günü bir stəkan su ilə başlamaqla miqren, böyrək patologiyaları, damar və həzm problemləri kimi bir çox xəstəliklərin qarşısını almaq olar.
Səhər yeməkdən əvvəl su içmək əzələləri gücləndirir, böyrəklərin sağlamlığını qoruyur və normal fəaliyyətini təmin edir.
Yuxu zamanı insanın bədəni təbii olaraq tər və nəfəs vasitəsilə maye itirir və susuzlaşır. Ona görə səhər su balansını bərpa etmək çox vacibdir.
Arıqlamaq istəyənlər də çoxlu su içməlidirlər. Səhər ac qarına su içdikdə orqanizmdə bir növ təmizlənmə prosesi gedir. Bədən şlaklardan təmizlənir, maddələr mübadiləsi güclənir ki, bu da arıqlamağın əsas yoludur.
Həyat mənbəyi olan su həzm prosesini asanlaşdırır, qandakı toksinləri təmizləyir, dərinin cavanlaşmasına səbəb olur, ürəyi və damarları qoruyur. Qanın qatı olması ürək və damarların sağlamlığına ziyan vurur.
Səhər ac qarına su içmək, eyni zamanda, günboyu gümrahlığın və xoş əhval-ruhiyyənin təminatıdır. (Azərtac)