Yevlax rayonunda taxıl səpini başa çatdırılıb. Ötən il taxılın hər hektarından yüksək məhsuldarlıq əldə edən yevlaxlı fermerlər bu il də sahələrdən bol məhsul götürmək əzmindədirlər. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, torpaq mülkiyyətçiləri 11 min 653,1 hektara taxıl səpiblər. Bu, ötən illə müqayisədə 67,4 hektar çoxdur. Taxıl əkinlərinin 6570,6 hektarı buğda, 5082,5 hektarı isə arpadır. Qeyd edək ki, Yevlax rayonunda keçən il becərilmiş 11 min 585,7 hektar taxıl sahəsindən 36 min 610,8 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı orta hesabla 31,6 sentner təşkil edib. AZƏRTAC