Xəstəliklərin bir çoxunun, hətta deyə bilərik ki, əksəriyyətinin kökündə qeyri-sağlam həyat tərzi, düzgün olmayan qidalanma durur. Düzgün seçilməyən qida dedikdə isə ağla ilk növbədə fast-food və dondurulmuş məhsullar gəlir.
Həyat tərzimizin dövrə uyğun dəyişməsi qidalanma vərdişlərimizə də təsir göstərir. Müasir insanlar üçün vaxt ən dəyərli bir şeyə çevrilib. İndi biz demək olar ki, həmişə tələsirik. Hətta qida qəbul edərkən də... Buna uyğun olaraq son illər dondurulmuş tərəvəz, meyvə və digər qidaların istehsalı artır. Bu yarımfabrikatlardan istifadə çox rahatdır və vaxta qənaət etməyə imkan verir. Amma onların bizim orqanizmimizə, sağlamlığımıza təsiri necədir? Bu gün bunu araşdırırıq.
Mütəxəssislərin sözlərinə görə, bazarın təhlili göstərir ki, ölkəmizdə dondurulmuş qidalara təlabat o qədər də yüksək deyil. Çünki, heyvandarlığın inkişafı, müasir standartlara cavab verən saxlama anbarlarının mövcudluğu qış fəslində də meyvə, tərəvəz və başqa qida məhsullarını əlçatan edir. Göyərti və bir sıra tərəvəzlər isə ilin bütün fəsillərində yetişdirilir. Dondurulmuş qidaların insan orqanizminə təsirinə gəlincə...
Mütəxəssislər deyirlər ki, belə qidalardan istifadə edərkən onların donunun açılması prosesinə diqqət yetirmək lazımdır. Bu prosesin düzgün aparılmaması ağır zəhərlənmələrə səbəb ola bilər.
İndi mağazalarda dondurulmuş düşbərə, xəngəl, balıq və ət məhsulları, hətta artıq təmizlənmiş və doğranmış meyvə-tərəvəz də satılır. Təbii ki, bu qidalar təzə ərzağın yerini verməz. Amma əgər siz tələbə və ya ciddi vaxt məhdudiyyəti olan iş adamısınızsa, yaxud da hansısa digər səbəbdən evdə uzun-uzadı yemək hazırlamağa vaxtınız yoxdursa, bu sizin üçün ideal variantdır. Bir şərtlə ki, bu yalnız istisna hal kimi olsun və bununla bağlı mütəxəssislərin dediklərinə əməl edək.
Mənbə: KəpəzTV