“Nature Genetics” jurnalında irimiqyaslı tədqiqatın nəticələri dərc olunub. İnsanın nə dərəcədə asanlıqla kökəlib-arıqlaması təkcə onun həyat tərzi ilə deyil, genləri ilə də bağlı ola bilər.
“Zdorovye Mail.Ru” saytı xəbər verir ki, “Nature Genetics” jurnalında piylənmənin genetik mənbələrinin axtarışına həsr olunmuş irimiqyaslı tədqiqatın nəticələri dərc olunub.
Tədqiqat müəllifləri, dünyanın aparıcı elmi mərkəzlərinin bir qrup alimi 700 mindən çox adamın genetik məlumatını təhlil edərək, tərkibində genin və onun kodlaşdırdığı zülalın funksiyasının dəyişdirildiyi DNT ardıcıllığı sahələri, variasiyaları olan 13 gen müəyyənləşdirilib. Məlum olub ki, bu variasiyalar bədən kütləsi indeksi ilə bilavasitə bağlıdır.
Cəmi 14 mutasiyalara meyilli sahə aşkar edilib. Özü də onların tərkibində olduqları genlər molekulyar mexanizmlərdə mühüm rol oynayır. Baş beyin bədənin çəkisini məhz həmin mexanizmlərin köməyi ilə idarə edir. Tədqiqatçıların fikrincə, bu genlərin fəaliyyəti enerji sərfinə, yeyilən qidanın həcminə, aclıq və toxluq hisslərinə və s. təsir edir. Tədqiqatın aparıcı müəllifi, professor Rut Loos deyib: “Məsələn, belə genlərin spesifik variantlarına sahib olan insanların pəhriz saxlaması, az yeməsi başqalarına nisbətən çətindir”.
R.Loos və onun həmkarları müəyyən ediblər ki, təqribən beş min adamdan birində təsadüf edilən MC4R genində mutasiyanın daşıyıcılarının çəkisi belə mutasiyası olmayanlarla müqayisədə təxminən 7 kiloqram çoxdur. Bu mutasiya toxluq hissi haqqında siqnalı beyinə ötürmək üçün zəruri olan zülalı kodlayır. Əvvəllər hesab edilirdi ki, belə mutasiya yalnız ağır piylənmədən əziyyət çəkən insanlarda var, amma tədqiqatın nəticələri göstərib ki, bu genetik variant bütün daşıyıcılarda bədən kütləsi indeksinə təsir göstərir.
Bundan əlavə, GIPR geninin funksiyasını dəyişdirən iki mutasiya da tapılıb. Təqribən hər 400 adamdan birində bu variasiyalardan hər birinin müdafiə surəti deyilən surəti var. Bunun sayəsində həmin insanların çəkisi orta hesabla 2 kiloqram yüngüldür.
R.Loos və onun həmkarları əmindirlər ki, onların bu kəşfi bəzi insanların çəkini sürətlə və asanlıqla toplaması və itirməsi fenomeninin əsasında dayanan bioloji səbəbləri üzə çıxarır və deməli, müalicə metodlarının işlənib-hazırlanmasına yol açır (Azərtac).