Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən hər ilin 12 may tarixi Beynəlxalq Bitki Sağlamlığı Günü elan edilmişdir. Foodinfo.az xəbər verir ki, bununla bağlı olaraq, mayın 12-də dünyanın bir çox ölkələrində həmin gün bitki sağlamlığının təmin olunması, ətraf mühitin qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Burada əsas məqsəd bitki örtüyünün məhv olunmasının və ərzaq çatışmazlığının aradan qaldırılması, yoxsulluğun azaldılması, həmçinin biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi barədə dünya əhalisinin məlumatlılığının artırılmasından ibarətdir. Beynəlxalq Bitki Sağlamlığı Günü çərçivəsində insan, heyvan və ətraf mühit sağlamlığı arasında birbaşa asılılığı önə çəkən “Vahid sağlamlıq” konsepsiyasına uyğun keçirilən tədbirlər prosesə öz töhfəsini verir. Dünyada Beynəlxalq Bitki Sağlamlığı Günündə əsasən aşağıdakı beş istiqamətdə tədbirlər həyata keçirilir: 1. BMT-nin 2030-cu il gündəliyinə daxil olan “Sıfır Aclıq” hədəfinə nail olmaq üçün bitkilərin sağlam saxlanmasının vacibliyi haqqında məlumatlılığı artırmaq; 2. Beynəlxalq ticarət və səyahət zamanı zərərli orqanizmlərin yayılması riskini minimuma endirmək üçün lazımi fəaliyyətləri dəstəkləmək; 3. Bitkiləri və bitki sağlamlığını qorumaq üçün monitorinq və erkən xəbərdarlıq sistemlərini gücləndirmək; 4. Ətraf mühitin təhlükəsizliyi nəzərə alınaraq, bitki sağlamlığının qorunması üçün davamlı olaraq zərərvericilərin və pestisidlərin idarə olunmasını təmin etmək; 5. Bitki sağlamlığına dair innovasiyaların tətbiqi, tədqiqat və təbliğat işləri üçün investisiyaların təşviqi. Ölkəmizdə də bitki sağlamlığının təmin olunması, həmçinin ətraf mühitin qorunması istiqamətində son illərdə bir çox tədbirlər həyata keçirilib. Eyni zamanda 12 May - Beynəlxalq Bitki Sağlamlığı Günündə müvafiq təşkilatlarla birgə Agentlik tərəfindən silsilə tədbirlər görülür. Həmin tədbirlər çərçivəsində respublika ərazisi üzrə bitki sağlamlığının təmin olunması ilə bağlı keçirilən monitorinqlərin nəticələrinin açıqlanması, bitkiçilik sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə çoxsaylı görüşlər, həmçinin əhali arasında geniş təbliğat-təşviqat tədbirləri həyata keçirilir. Onu da qeyd edək ki, qida təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malik olan bitki sağlamlığının qorunması, həmçinin xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə son illər bir sıra ciddi işlər görülüb. Nəzarət tədbirləri çərçivəsində respublikamıza başqa dövlətlərdən karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısının alınması, eləcə də ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsi üçün ardıcıl olaraq fitosanitar monitorinqlərin aparılması və  laborator müayinələrin həyata keçirilməsi təmin edilmişdir. Bu sahədə fəaliyyət göstərən, müasir maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan Mərkəzi Fitosanitar Laboratoriyasında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, o cümlədən ölkəmizdə ilk dəfə olaraq bakterioloji və virusoloji ekspertizalar həyata keçirilir. Kənd təsərrüfatı bitkilərinin inkişafının yaxşılaşdırılması, məhsuldarlığın artırılması, eləcə də onların müxtəlif xəstəlik və zərərvericilərdən qorunması üçün pestisidlərdən və aqrokimyəvi maddələrdən geniş istifadə olunur. Qida Təhlükəsizliyi İnstitutunun Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə edərək, pestisid və aqrokimyəvi maddələrin laboratoriya sınaqları həyata keçirilir. Laboratoriyada əsasən pestisidlərin təsiredici maddələrinin miqdarı, aqrokimyəvi maddələrin isə element tərkibi və digər keyfiyyət göstəriciləri təyin edilir. Ölkəmizin qeyri-neft sektorunda ixrac məhsulları arasında bitkiçilik məhsulları üstünlük təşkil edir. Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarları təyin olunur. Beynəlxalq tələblərə əsasən, ümumilikdə laboratoriyada təyin olunan pestisid çeşidi 6-dan artırılmış, hazırda 600-dən çoxdur.