Dabaq xəstəliyi cütdırnaqlı ev və vəhşi heyvanların iti kontagioz virus xəstəliyidir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Foodinfo.az-a verilən məlumata görə, bu xəstəliyin əlamətləri yemdən imtina, gövşəmənin pozulması və ya tam dayanması, ağızdan selik axmasının çoxalması, yüksək hərarət, dırnaq və yelində yaraların əmələ gəlməsi, ağızda, dodaqlarda, burun ətrafında qabarcıqların yaranması, tənəffüs və həzm yollarının selikli qişasının iltihabı, tənəffüs və udma aktının pozulması, ürək çatışmazlığının yaranması ilə özünü biruzə verir.
Dabaq xəstəliyinin əlamətlərini aşkarladıqda dərhal həmin heyvanı təcrid edib baytar həkimə məlumat vermək lazımdır. Heyvanları bu xəstəlikdən qorumaq üçün mütləq təsərrüfatda baytarlıq, sanitariya tələbləri yaxşılaşdırılmalı, dövri peyvəndlənmə aparılmalıdır.
Dabaq virusu heyvanın tük örtüyündə 50 gün, paltarda 100 gün, tövlədə 70 gün, yemdə 30-150 gün, torpaqda 40-150 gün, təzə süddə 4 °C-də 15 gün yaşaya bilər. Bu virus süddə 70 °C-də 15 dəqiqəyə, 80-100 °C-də bir neçə dəqiqəyə məhv olur.