Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, budəfəki maarifləndirici mövzu isə “Xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi və ondan qorunma yolları” haqqındadır. Xırdabuynuzlu heyvanlar arasında rast gəlinən çiçək xəstəliyi virus xarakterlidir. Virus ətrafa xəstə heyvanların ağız və burun axıntısı, pustul mayesi ilə, həmçinin quruyaraq xarici mühitə düşən qartmaqlarla yayılır. Qurumuş qartmaqda infeksiya törədicisi bir neçə ay sağ qala bilir. Süd vəziləri yoluxduqda virus südlə də ifraz olunur. Xəstəlik transmissiv yolla – həşəratlarla da yayıla bilər. Yem, su, xidmət vasitələri, peyin və s. infeksiyanın yayılmasında təhlükə mənbəyidir. Qoyun və keçilərdə xəstəlik yüksək hərarət, dəri və selikli qişalarda (xüsusən ağız və göz ətrafı nahiyələrdə) səpgilərin yaranması, papulyozlu-pustulyozlu zədələrlə özünü büruzə verir. Peyvəndlənmə aparılmış heyvanlarda infeksiya törədicisinə qarşı immunitet yaranır. Təhlükəli, eləcə də yoluxucu olan xəstəliyin yayılmasının qarşısını almaq üçün xırdabuynuzlu heyvanların peyvəndlənməsi vacibdir. Qeyd edək ki, peyvəndləmə dövlət tərəfindən pulsuz olaraq həyata keçirilir. Xəstəliyin profilaktikası və yayılmasının qarşısını almaq üçün təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməlidir. Həmçinin təsərrüfata yeni gətirilən qoyun və keçilər 1 ay müddətində karantində saxlanmalıdır. Şübhə yarandıqda, çiçək xəstəliyinin əlamətləri aşkar edildikdə qoyun və keçilər təcrid olunmalı və dərhal bu barədə baytar mütəxəssisə məlumat verilməlidir. İnsanlar bu infeksiyaya yoluxmasalar da, xəstəliyin iqtisadi zərərini yaşayırlar. Belə ki, çiçək xəstəliyi təsərrüfatlarda böyük tələfata səbəb olur. Xüsusən də quzular arasında yüksək ölüm səviyyəsi müşahidə edilir. Həmçinin heyvanların yun və ət məhsuldarlığı aşağı düşür. Təsərrüfat sahibləri xəstəliyin profilaktikası və müalicəsi zamanı əlavə xərclər çəkmiş olurlar.