Aprelin 25-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) nümayəndə heyətini qəbul edib. Foodinfo.az xəbər verir ki, “Rosselxoznadzor”un rəhbərinin köməkçisi Dauşev Artem Adqamoviç və İxrac-İdxal Əməliyyatları və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Semenov Vyaçeslav Vladimiroviçin olduğu nümayəndə heyəti ilə keçirilən görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Tərəflər arasında imzalanmış ikitərəfli sazişlər üzrə işlərin davam etdirilməsi, qida məhsullarının, baytarlıq və fitosanitar nəzarətdə olan məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinə nəzarətlə bağlı qurumlararası İşçi Qrupun yaradılması, bu istiqamətdə təcrübə mübadiləsinin həyata keçirilməsi məsələləri müzakirə olunub. Həmçinin bu münasibətlərin davamlı inkişafı üçün perspektiv imkanların araşdırılması və müvafiq tədbirlərin birgə aparılması ilə bağlı razılıq əldə olunub. Daha sonra ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndə heyəti aprelin 26-da Bakıda keçiriləcək Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün Bakıda səfərdədir.