Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyi sisteminin səmərəli təşkili, qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların və tədqiqatların aparılması, qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə ekspertiza və tədqiqat (ölçmə) xidmətlərinin göstərilməsi, qida təhlükəsizliyinə dair beynəlxalq standartların qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlər tərəfindən könüllü tətbiq edilməsi ilə bağlı tələb olunan sənədlərin və tövsiyələrin hazırlanması, məsləhətlərin verilməsi və təlimlərin keçirilməsi, layihələndirmə-dizayn və konsaltinq işlərinin aparılması məqsədilə müvafiq ixtisasa yiyələnmiş və ya beynəlxalq sertifikatı olan ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir. Qeyd edilən məsələlərlə bağlı qida mühəndisi, həkim–gigiyenist, baytar həkim, fitosanitar və memar ixtisası olan namizədlər müraciət edə bilərlər. Namizədlər mövzu yerində mütəxəssisi olduğu sahənin adını qeyd etməklə anket formasını 10.07.2020-ci il tarixinədək [email protected] ünvanına göndərməlidirlər. Namizədlərdən tələb olunan bilik və bacarıqlar: Qida mühəndisi aşağıdakıları bilməlidir: Qida məhsullarının istehsalı texnologiyası, daşınması, qəbulu, saxlanması, emalı və qablaşdırma qaydasını; Qida məhsulları ilə birbaşa təmasda olan müxtəlif tipli materiallara olan tələblər və onlardan düzgün istifadə qaydalarını; Qida məhsulları üçün etiket məlumatlarının tərtibi qaydalarını; İstehsal sahəsində istifadə olunan avadanlıq və ləvazimatların təsnifatı və təyinatını; İstehsalda istifadə olunan kimyəvi təmizlik maddələrinin təsnifat və istifadə qaydalarını; Dövlət standartları, İSO, HACCP qaydalarını; GMP (Good Manufacturing Practices - yaxşı istehsalat təcrübəsi) və GHP (Good Hygiene Practices – yaxşı gigiyena təcrübəsi) proqramlarını; HACCP sistemi (Hazard Analysis and Critical Control Point - Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) çərçivəsində istehsal müəssisələrində tətbiq olunan qida təhlükəsizliyi sistemi sənədlərinin hazırlanması və idarə olunması qaydalarını; İstehsal sahələri və ictimai iaşə müəssisələrində sanitariya və gigiyena qaydalarının nəzəri və praktiki tətbiqi üsullarını; Həkim–gigiyenist aşağıdakıları bilməlidir: Sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə riayət edilməsinə, sanitariya-gigiyenik və epidemiya əleyhinə (profilaktik) tədbirlərin təşkili və aparılmasına nəzarəti həyata keçirmə qaydalarını; Qida təhlükəsizliyi sahəsində bina və tikililərin tikintisi üçün torpaq sahələrinin seçilməsi və ayrılması, tikinti layihələrinin sanitariya-epidemioloji ekspertizası, tikintisi başa çatmış obyektlərin istismara verilməsi qaydalarını; Qida mənşəli xəstəliklərin və qida zəhərlənmələrinin yaranmasına səbəb olan mikroorqanizmlər haqqında məlumatlı olmaqla, əhali arasında qida zəhərlənmələrinin baş verməsi, yayılmasının səbəbləri və şəraitini müəyyən etmək, qida zəhərlənməsi hallarının təhqiqatını aparmaq qaydalarını; Qida məhsullarının sanitariya-epidemioloji ekspertizası, sanitariya-gigiyenik araşdırma, müayinə, tədqiqat, sınaq, eləcə də tibbi-profilaktik (dezinfeksiya, dezinseksiya, deratizasiya), toksikoloji, gigiyenik və digər qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi qaydalarını; Qida təhlükəsizliyi sahəsində tərtib edilən sənədlərin sanitariya-epidemioloji nöqteyi-nəzərdən araşdırılması, qiymətləndirilməsi, vaxtında və keyfiyyətli rəsmiləşdirilməsi qaydalarını; Baytarlıq üzrə mütəxəssis aşağıdakıları bilməlidir: Baytarlıq ləvazimatını və baytarlıq apteklərində dərmanların gigiyenik qaydalara uyğun saxlanması qaydalarını; Heyvandarlıq binalarının dezinfeksiya edilməsi, xəstə heyvanların izolyatorlarda müalicəsi, ölmüş heyvanlar üçün “yarma protokolunu”n tərtib edilməsi və utilizasiyası qaydalarını; Yoluxucu xəstəliklərin müəyyən edilməsi və qarşısını almaq üçün lazımi profilaktiki tədbirlərin həyata keçirilməsi qaydalarını; Baytarlıq-sanitariya və müalicə-profilaktika işlərinin baytarlıq nizamnamələri və müvafiq təlimatlar əsasında aparılma qaydalarını; Heyvandarlıq sahəsində bina və tikililərin ayrılması, inşa üçün torpaq sahələrinin seçilməsi, heyvandarlıq müəssisələrinin istismara verilməsi qaydalarını; Təsərrüfatda heyvandarlıq məhsullarının saxlanmasına və diri heyvanların satışına nəzarətin aparılması qaydalarını; Balıq yetişdirmə nohurlarında və arıxanalarda baytarlıq-sanitariya qaydalarını; Balıq və arı xəstəliklərinə qarşı aparılan müalicə tədbirlərini; Fitosanitariya üzrə mütəxəssis aşağıdakıları bilməlidir: Karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq üçün fitosanitar tədbirlərin təşkili və həyata keçirilməsi qaydalarını; Bitki və bitkiçilik məhsullarının istehsalı, yığılması, tədarükü, satışı, saxlanması və daşınması zamanı fitosanitar normalara əməl edilməsi qaydalarını; Fitosanitar nəzarətində olan karantin obyektlərinin təhlükəsizliyinə nəzarət edilməsi, zərərli orqanizmlərlə sirayətlənmənin başvermə və yayılma səbəbləri və şəraiti üzrə müşahidənin aparılması, onların qarşısının alınması və ləğvi üçün icrası məcburi olan fitosanitar tədbirlərin müəyyən edilməsi və həyata keçirilməsi qaydalarını; Pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istehsalı, idxalı, ixracı, saxlanması, satışı və tətbiqi qaydalarını; Əkin sahəsində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılması və kartoqramların hazırlanması qaydalarını; Bitkilərin becərilməsi, suvarılması, texnoloji işlərin fasiləsiz və vaxtında aparılması qaydalarını; Zərərvericilərə qarşı mübarizə işlərini, mineral və üzvi gübrələrin saxlanması və sahələrə verilməsi qaydalarını; Bitkiçilik sahəsində əməyin təhlükəsizliyi və texnikanın təhlükəsiz istismarı, ekoloji mühitin qorunması qaydalarını; Memar aşağıdakıları bilməlidir: Qida sahəsində fəaliyyət göstərən müəssisələrdə qida təhlükəsizliyinə dair standartların tələblərini və konsaltinq xidmətlərinin göstərilməsinə dair məlumatları; Qida məhsulları sahəsində fəaliyyət göstərən müəssisələrin yerli və beynəlxalq standartların tələblərinə uyğun dizaynı və layihələndirilməsini; Qida təminatı müəssisələrinin texnoloji axın ardıcıllığı prinsiplərinə uyğun əsas və yardımçı sahələrinin bölgüsü ilə bağlı işin təşkil olunması qaydalarını; Müəssisələrin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması prosesi ilə bağlı məsləhətlərin verilməsi sahəsində təcrübəni; Müəssisələrin texnoloji layihələndirilməsi mərhələlərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu barədə məlumatı.