Avokado son illərdə sağlam qidalanmanın simvollarından birinə çevrilmiş, qida dəyəri ilə seçilən meyvədir. Tərkibindəki sağlam yağlar, vitaminlər və minerallarla ürək, beyin və dəri sağlamlığına töhfə verir. 

Foodinfo.az xəbər verir ki, ən ideal vaxt avokadonun səhər yeməyində istifadə olunmasıdır. Çünki sağlam yağlar və lif uzun müddət toxluq hissi yaradır, qan şəkərini tənzimləməyə kömək edir. Enerji verir və günə enerjili başlamağa yardım edir. Yumurta, çörək və ya salatla birgə yeyildikdə balanslı bir səhər yeməyi olur.

Salatlara və ya sendviçlərə əlavə edildikdə doyurucu və sağlam bir nahar alternativi yaradır. Həddindən artıq yeməyi önləyir və iş sonrası yorğunluğun qarşısını alır.

Axşam saatlarında avokado az miqdarda yeyilməlidir, çünki, yüksək yağ tərkibli olduğundan həddindən artıq qəbul edildikdə mədə və qaraciyərə yük ola bilər. Həzm sisteminin gec saatlarda zəifləməsi avokadonun tam mənimsənilməsini çətinləşdirə bilər.

Arıqlamaq məqsədi güdən şəxslər üçün axşam istifadəsi kalori yığılmasına səbəb ola bilər.

Eyni zamanda, idmandan sonra avokado yemək faydalıdır, çünki sağlam yağlar və kalium əzələlərin bərpasına kömək edir. İdmandan əvvəl isə çox tövsiyə olunmur, çünki yağlı tərkibi hərəkət zamanı ağırlıq yarada bilər.

Ən vacib məqam isə avokadonun təbii, duzsuz və mayonezsiz, başqa təbii qidalarla birlikdə yeyilməsidir.