Belçika «meymun çiçəyi» xəstəliyinə yoluxanlar üçün 21 günlük karantin tətbiq edən ilk ölkə olub. Foodinfo.az xəbər verir ki, bu barədə qərar ölkədə risk qiymətləndirmə qrupunun ölkədə artıq 4-cü xəstənin aşkar edilməsindən sonra keçirdiyi iclasından sonra qəbul edilib. «La Libre Belgique» qəzetinin məlumatına görə, qərara əsasən, sözügedən virus aşkar edilən xslər 21 günlük məcburi karantinə çıxmalıdır. Bu qayda onlarla təmasda olanlara da aiddir. Ölkənin səhiyyə naziri Frank Vendenbruk bildirib ki, karantin tələbi artıq mayın 20-dən qüvvədədir. «Dəridəki səpmələr tam sağalmayana qədər xəstələr tam izolyasiyada qalmalıdırlar» - deyə nazir bildirib. «Meymun çiçəyi» virusu aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində, eləcə də digər qitələrdə yayılıb. Bundan başqa, sözügedən virus Fransa, Almaniya, İspaniyə, Portuqaliya, İtaliya, İsveç, eləcə də Britaniya, ABŞ, Kanada və Avstraliyada da qeydə alınıb. Dünya Səhiyyə Təşkilatı hesab edir ki, yaxın vaxtlarda «meymun çiçəyi» başqa ölkələrə də keçə bilər.