Mayın 10-da 1997-ci il təvəllüdlü Əliyeva Arzu Mübariz qızının satıcı işlədiyi Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən ərzaq mağazasında liftin şaxtasına yıxılaraq xəsarətlər alması, mayın 18-də isə müalicə aldığı xəstəxanada vəfat etməsi faktına görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Gəncə şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, iş üzrə prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, mayın 10-da Gəncə şəhərində yerləşən “Bazarstore” mağazasında satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Əliyeva mağazanın yük liftinin şaxtasına yıxılıb. Ona qabırğaların çoxsaylı sınığı və daxili qanaxma diaqnozu qoyulub. Mayın 18-i günorta saatlarında A.Əliyeva xəstəxanada vəfat edib.