Afrika ölkəsi Qabonda Kovid-19 pandemiyasında görə panqolin və yarasanın istehlakı və satışı dayandırılıb. Foodinfo.az xəbər verir ki, bu barədə ölkənin Meşə və su naziri Li Vayt bildirib. Nazirin sözlərinə görə, bu heyvanların yeyilməsinə koronavirusun yayılmasına səbəb olduqları üçün qadağa qoyulub. Nəsli tükənmək təhlükəsi altında olan panqolinin, onsuz da, mühafizə altında olduğunu xatırladan Vayt qanunu pozanların cəzalandırılacağını dilə gətirib. Qeyd edək ki, bu, Qabonda ilk belə qayda deyil. Ölkədə Ebola epidemiyasının yayıldığı dövrlərdə primatların yeyilməsi qadağan olunmuşdu. 88%-i meşədən ibarət olan Qabonda vəhşi heyvan ovu və ətinin istifadəsi geniş yayılıb. Ölkədə bu günə qədər 21 Kovid-19 yoluxması qeydə alınıb. 1 nəfər dünyasını dəyişib, 1 nəfər isə sağalıb. Xatırladaq ki, daha əvvəl Çinin Sengen ərazisində it və pişik ətinin istehlakına və istehsalına qadağa qoyulub. (publika.az)