Çay və qəhvə gündəlik həyatımızın ayrılmaz hissəsi olsa da, bu içkilərin dəri sağlamlığına həm müsbət, həm də mənfi təsirləri ola bilər. Təsir əsasən içkilərin miqdarından və su balansının qorunub-qorunmamasından asılıdır.
Foodinfo.az xəbər verir ki, qəhvə tərkibindəki güclü antioksidantlar sayəsində dərinin erkən qocalmasının qarşısını almağa kömək edir. Eyni zamanda qan dövranını sürətləndirərək dəriyə daha canlı görünüş verir. Lakin qəhvənin həddindən artıq qəbulu susuzluğa səbəb ola, dərini quruda və bəzi insanlarda sızanaq problemlərini artıra bilər.
Çay, xüsusilə yaşıl çay dərini qoruyan və iltihabı azaldan təsiri ilə seçilir. Yaşıl çayın sızanaq və qızartıya qarşı müsbət təsir göstərdiyi qeyd olunur. Qara çay da antioksidant mənbəyi hesab edilsə də, çox tünd və həddindən artıq istifadə edildikdə bəzi mənfi təsirlər yarada bilər.
Çay və qəhvə içən şəxslər kifayət qədər su qəbul etmədikdə, bu içkilərin dəriyə mənfi təsiri daha qabarıq şəkildə özünü göstərir. Su balansı qorunduqda isə çay və qəhvənin təsiri əsasən müsbət olur.
Bir sözlə, çay və qəhvənin ölçülü və düzgün şəkildə istifadəsi dəri sağlamlığını dəstəkləyə bilər, lakin həddindən artıq istehlak dəridə quruluq və digər problemlərə yol aça bilər.






