Düzgün və balanslı qidalanma psixoloji sağlamlığın qorunmasında mühüm rol oynayır. Bəzi qidalar beyin funksiyalarını dəstəkləyərək və xoşbəxtlik hormonlarının ifrazını artıraraq depressiya simptomlarının yüngülləşməsinə kömək edir.
Foodinfo.az xəbər verir ki, Omeqa-3 yağ turşuları ilə zəngin qidalar beyin sağlamlığı üçün xüsusilə faydalıdır. Bu baxımdan Qızılbalıq, Skumbriya kimi yağlı balıqlar tövsiyə edilir. Bu qidalar sinir sisteminin fəaliyyətini dəstəkləyir və əhval-ruhiyyənin sabit qalmasına kömək edir.
Həmçinin maqneziumla zəngin qidaların da vacib olduğu bildirilir. Badam, İspanaq və Avokado kimi qidalar stressi azaltmağa və sinir sistemini sakitləşdirməyə kömək edir.
Serotonin hormonunun yaranmasına təsir edən qidalar da diqqətə alınmalıdır. Banan və Tünd şokolad kimi qidalar əhvalın yaxşılaşmasına müsbət təsir göstərir.
Bundan əlavə, B qrup vitaminləri ilə zəngin qidalar – tam taxıllar, yumurta və paxlalılar – beyin fəaliyyətini dəstəkləyir və yorğunluğun azalmasına kömək edir.
Sağlam qidalanma depressiyanın müalicəsini tam əvəz etməsə də, düzgün həyat tərzi və tibbi müalicə ilə birlikdə psixoloji vəziyyətin yaxşılaşmasına əhəmiyyətli dəstək verə bilər.






