Dilin görünüşü sağlamlığın sadə, lakin informativ göstəricilərindən biri hesab olunur və xüsusilə mədə-bağırsaq sistemi ilə daxili orqanların vəziyyətini əks etdirə bilər. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, bu barədə Чемпионат nəşrinə açıqlamasında “АО Медицина”nın həkim-terapevti Svetlana Burnatskaya danışıb.
Onun sözlərinə görə, dil üzərində sıx və qalın ərp bağırsaq disbiozu, parazitar infeksiyalar və ya peristaltikanın pozulmasına işarə edə bilər. Parlaq, “laklanmış” görünüşə malik dil isə selikli qişanın atrofiyası ilə əlaqəli olan B12 vitamini çatışmazlığı anemiyasını göstərə bilər. Dilin şişməsi və ya kənarlarında diş izlərinin qalması çox vaxt qaraciyər və böyrək patologiyaları, eləcə də allergik reaksiyalarla əlaqələndirilir.
Rəng, ərp və digər dəyişikliklər nəyi bildirir?
-
Ağ, qalın ərp – qastrit və ya disbakterioz əlaməti ola bilər; angina zamanı da ağız boşluğunda patogen mikrofloranın aktivləşməsi səbəbindən müşahidə olunur.
-
Sarı ərp – xolesistit və şəkərli diabetlə əlaqələndirilə bilər.
-
Qara ərp – ağır kandidoz və ya uzunmüddətli antibiotik qəbulu fonunda yarana bilər.
-
Çatlar – zülal çatışmazlığı, virus infeksiyaları (məsələn, herpes) və avitaminozla bağlı ola bilər.
-
“Coğrafi” dil – allergiya və ya aftoz stomatitlə əlaqələndirilir.
-
Qırmızı dil – anemiya,
-
Bənövşəyi dil – ürək çatışmazlığı,
-
Solğun dil – hipotiroidizm ehtimalını göstərə bilər.
Həkim vurğulayıb ki, dilə baxaraq aparılan diaqnostika yalnız köməkçi üsuldur və instrumental müayinələri əvəz etmir. Dəqiq diaqnoz üçün qan analizləri, USM, biokimyəvi müayinələr, koproqramma və digər müayinələr tələb oluna bilər. Dilin görünüşündə davamlı dəyişikliklər olduqda terapevtə müraciət etmək vacibdir.






