Sinkin yüksək dozada və uzunmüddətli qəbulu orqanizmdə digər vacib mineralların balansını poza və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, Moskva vilayəti Səhiyyə Nazirliyinin Vidnoye xəstəxanasının terapevti Zarema Ten bu mövzu ilə bağlı açıqlama verib.
Mütəxəssisin sözlərinə görə, sinkin gündəlik normadan xeyli artıq qəbulu misin orqanizm tərəfindən normal mənimsənilməsinə mane olur. Bu isə mis çatışmazlığına, nəticə etibarilə anemiyanın yaranmasına və sinir sisteminin fəaliyyətində pozuntulara gətirib çıxara bilər.
Həkim bildirib ki, məhz buna görə tərkibində 15–20 milliqramdan çox sink olan keyfiyyətli vitamin-mineral komplekslərinə balansı qorumaq məqsədilə adətən 1–2 milliqram mis də əlavə olunur.
Zarema Ten sinkin dəmirlə qarşılıqlı təsirinə də diqqət çəkib. Onun sözlərinə görə, xüsusilə anemiyanın müalicəsində istifadə edilən yüksək dozalı dəmir preparatları sinkin mənimsənilməsini azalda bilər, eyni təsir əks istiqamətdə də mümkündür.
Mütəxəssis tövsiyə edir ki, sink və dəmir tərkibli preparatlar günün müxtəlif vaxtlarında, ən azı 4–6 saat fasilə ilə qəbul edilsin. Bu yanaşma onların bir-birinə mənfi təsirini minimuma endirməyə kömək edir.






