Gecə saatlarında işləmək orqanizmdə aclıq hissini gücləndirərək çəki artımına səbəb ola bilər. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, alimlər gecə növbəsinin bioloji saatın pozulmasına və maddələr mübadiləsinin dəyişməsinə gətirib çıxardığını bildiriblər.
Məlumata görə, araşdırma Ridlife.ru tərəfindən yayımlanıb. Tədqiqatı Böyük Britaniyada fəaliyyət göstərən Bristol Universiteti-nin alimləri aparıblar. Onlar müəyyən ediblər ki, gecə işləyən insanlarda iştaha daha tez-tez dəyişir və bədən çəkisi artır.
Mütəxəssislər bildirirlər ki, əsas səbəb bioloji ritmlərin pozulması və böyrəküstü vəzlərin ifraz etdiyi hormonların fəaliyyətində yaranan dəyişiklikdir. Bu hormonlar enerji səviyyəsini, maddələr mübadiləsini və aclıq hissini tənzimləyir. Gecə oyaq qalmaq beyində iştahanı idarə edən sahənin fəaliyyətinə təsir göstərir və nəticədə orqanizm istirahət vaxtında qida tələb edir.
Təcrübələr göstərib ki, bioloji ritmi pozulan canlılar sabit rejimdə olanlarla müqayisədə xeyli çox qida qəbul edirlər. Bu isə qaçılmaz şəkildə artıq çəkiyə gətirib çıxarır. Alimlər vurğulayırlar ki, uzun müddət gecə növbəsində işləyən şəxslər gündüz işığında daha çox vaxt keçirməli, müntəzəm hərəkət etməli və qidalanma saatlarına ciddi əməl etməlidirlər.
Bununla belə, mütəxəssislər qeyd edirlər ki, orqanizmin hormon siqnallarına qarşı yalnız iradə ilə mübarizə aparmaq çətindir. Gecə növbəsi təkcə yuxu rejimini deyil, bütövlükdə maddələr mübadiləsini də pozur və bədən buna çəki artımı ilə reaksiya verir.






