Ferma və sahələrdə biotəhlükəsizlik qaydalarına əməl olunması zəruridir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Foodinfo.az bildirilib ki, təhlükəsiz heyvan mənşəli qida məhsullarının istehsalı üçün ferma və sahələrdə mütləq biotəhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Biotəhlükəsizliyin isə 4 mərhələsi var. Bunlar ətraf mühitin, işçi heyətin, heyvanların və məhsulun qorunmasından ibarətdir. Bu zaman yoluxucu xəstəliklərin baş vermə ehtimalını minimuma endirmək mümkündür. Çünki xəstəliyin qarşısını almaq onun müalicəsindən daha asan başa gəlir. Bunun üçün heyvanların dövrü peyvəndlənməsi aparılmalı, ferma və sahələrdə mütəmadi dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görülməlidir. Bundan başqa xəstəliyə yoluxmuş heyvanlar təcrid olunmalı, onlar sağlam heyvanlardan uzaqda saxlanmalıdır.
Fermalarda biotəhlükəsizliyin əsas şərtlərinə gəlincə, ərazi seçimində sanitar zolaq gözlənilməli, giriş-çıxış qapılarında dezbaryerlər qurulmalı, giriş-çıxış məhdudlaşdırılmalı, sanitar-gigiyenik qaydalara riayət olunmalı, fərdi mühafizə vasitələrindən istifadə edilməli və profilaktik tədbirlər görülməlidir.