Son illər əksər mütəxəssislər və diyetoloqlar şəkərdən istifadənin zərərləri haqqında danışır, tərkibində şəkər olan qidalardan imtina etməyə çağırırlar. Endokrinoloqların dediyinə görə, əsas məsələ şəkərdən düzgün istifadədədir. Xüsusilə valideynlər gecə yatmazdan əvvəl, eləcə də səhər yeməyində uşaqlara şirin çay içizdirir və bunun vasitəsilə qanı artırmağın mümkün olduğunu düşünürlər.
Foodinfo.az xəbər verir ki, həkim-endokrinoloq Mədinə Dilbazinin dediyinə görə, bu fikir tamamilə yanlışdır: “Əslində bunun üçün şəkər tozu deyil, qlükoza lazımdır. Onu həm meyvələrdən, həm dənli bitkilərdən almaq mümkündür. Bəzi meyvələrin qlikemik indeksi çoxdur, xüsusilə artıq çəkisi olanlar həmin qidalardan mümkün qədər az istehlak etməlidirlər. Üzüm, əncir, armud, yemiş, qarpız kimi meyvə-tərəvəzlərin qlikemik indeksi çox olduğundan diabetli və artıq çəkisi olanlar ondan uzaq durmalıdır”.
Şəkər orqanizmə zərər vurmaqla yanaşı, çəki artımına da səbəb olur, çünki bir müddət sonra orqanizm şəkəri yağ hüceyrəsi kimi tutub saxlayır. Diyetoloqlar qeyd edirlər ki, gündəlik qəbul edilən şəkərin miqdarı mütləq tənzimlənməlidir. Məsələn, 2 min kilokalori miqdarında qidalanırıqsa, onun 10 faizi qədər şəkər əlavə olunmuş qida qəbul etmək olar: mürəbbə və cemlərin əvəzinə çərəz qəbul edilməsi tövsiyə olunur. Quru meyvələr və onların sırasına tum, toxum, çərəzlər əlavə olunması daha yaxşıdır.
Qeyd edək ki, onilliklər ərzində səhiyyə təşkilatları, diyetoloqlar və alimlər şəkərin insan orqanizminə zərərli təsirini azaltmaq üzərində çalışsalar da, şəkər asılılığı konsepsiyası hələ də tam həllini tapmayan mövzu olaraq qalır.