Makaronun artıq çəkiyə səbəb olması barədə geniş yayılmış fikir əslində mifdir. Foodinfo.az “URA.RU”ya istinadla xəbər verir ki, rusiyalı dietoloq və anti-age terapevt Larisa Nikitina bu məhsulun düzgün seçildikdə və hazırlandıqda sağlam qidalanmanın bir hissəsi ola biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, insanların kökəlməsi birbaşa makaronla bağlı deyil. Problem onun tərkibi, bişirilmə üsulu və əlavə olunan yüksək kalorili souslarla əlaqədardır.

Nikitina sağlam şəkildə makaron yeməyin üç əsas qaydasını açıqlayıb. Birinci qayda — düzgün məhsul seçməkdir. O, yalnız sərt buğda növlərindən hazırlanmış makaronlardan istifadə etməyi tövsiyə edib. Bu cür makaronlar “durum” və ya “qrup A” kimi qeyd olunur, 100 qramda cəmi 100–110 kilokalori olur, tərkibində isə təxminən 13 qram zülal və 3 qram lif var.

İkinci qayda — makaronu “al dente” vəziyyətində bişirməkdir. Yəni, makaronun içi bir qədər bərk qalmalıdır. Bu üsul karbohidratların daha yavaş həzm olunmasına, uzunmüddətli toxluq hissinə və qan şəkərinin sabit qalmasına kömək edir.

Üçüncü qayda — porsiya və əlavə məhsullara nəzarətdir. Dietoloq bildirib ki, artıq kalorilərin əsas səbəbi makaron deyil, ona əlavə edilən souslar və çox böyük porsiyalardır. Nikitina “boşqab qaydası”nı məsləhət görüb: boşqabın yarısı tərəvəzlərdən, dörddə biri makaron, qalan dörddə biri isə zülal mənbəyindən (balıq və ya toyuq) ibarət olmalıdır.

Həkim həmçinin yağlı souslardan və çoxlu pendirdən uzaq durmağı, onların yerinə yüngül tomat souslarından istifadə etməyi tövsiyə edib.

Mütəxəssis qeyd edib ki, bu qaydalara əməl edənlər makaronu sevə-sevə yeyə, eyni zamanda bədən formasını da qoruyub saxlaya bilərlər.