Payızda düzgün qidalanma orqanizmin müdafiə sistemini möhkəmləndirir və maddələr mübadiləsini sabit saxlayır. Foodinfo.az xəbər verir ki, tibb elmləri doktoru, dietoloq Marqarita Korolyova “Obşestvennaya Slujba Novostey” nəşrinə açıqlamasında bu mövsümdə liflə zəngin məhsulların gündəlik rasionda mütləq yer almalı olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, payız dövründə orqanizmin ritmi dəyişir və bu zaman qidaların tərkibi çox vacib rol oynayır. “Rasiona daha çox tam taxıllı məhsullar – yəni tam buğda çörəyi, yulaf sıyığı və qoz-fındıq kimi qidalar daxil edilməlidir. Bu məhsullar bitki mənşəli lifin əsas mənbəyidir, orqanizmi faydalı maddələrlə təmin edir və uzunmüddətli toxluq hissi yaradır,” – deyə Korolyova vurğulayıb.

Onun fikrincə, lifin ən mühüm üstünlüklərindən biri bədəni təmizləməsidir. “Payızda orqanizm mövsüm dəyişikliyinə uyğunlaşır, buna görə də lif bağırsaq fəaliyyətini tənzimləyir və toksinlərin xaric olunmasına kömək edir,” – deyə dietoloq əlavə edib.

Digər dietoloq Larisa Nikitina isə URA.RU-ya açıqlamasında balqabağın payız menyusunun ən dəyərli tərəvəzlərindən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, balqabaq tərkibinə görə çox zəngindir – A, C, E, K və B qrupu vitaminləri ilə yanaşı, orqanizmin bərpası üçün vacib minerallar da daşıyır.

“Ən faydalı variant balqabağı sobada bişirməkdir – bu zaman onun tərkibindəki vitaminlər qorunur və yağ miqdarı az olur. Buharda bişmiş balqabaq da orqanizm tərəfindən asanlıqla mənimsənilir və immun sistemini gücləndirir,” – deyə Nikitina bildirib.

Mütəxəssislər vurğulayırlar ki, payız mövsümündə rasionda həm liflə zəngin məhsullar, həm də vitaminli tərəvəzlərə – xüsusilə də balqabağa üstünlük vermək orqanizmin mövsüm soyuqlarına qarşı müqavimətini artırır və ümumi sağlamlığı qoruyur.