Qaragilə həm dadı, həm də yüksək qida dəyəri ilə sağlamlıq üçün ən faydalı meyvələrdən biridir.
Tərkibindəki A, C, E vitaminləri, dəmir, kalsium və antioksidantlar sayəsində orqanizmi bir çox xəstəliklərdən qoruyur.
Foodinfo.az xəbər verir ki, qaragilə xüsusilə göz sağlamlığına müsbət təsir göstərir. Onun tərkibindəki antosianinlər göz torluğunu gücləndirir, görmə qabiliyyətini yaxşılaşdırır və uzunmüddətli ekran istifadəsindən yaranan yorğunluğu azaldır.
Bundan başqa, qaragilə beyin fəaliyyətini stimullaşdırır, yaddaşı və diqqəti artırır. Mütəxəssislər bildirirlər ki, bu meyvəni müntəzəm qəbul edən şəxslərdə Alzheimer və demensiya riskinin daha aşağı olduğu müşahidə olunub.
Qaragilə həmçinin ürək-damar sağlamlığını dəstəkləyir, xolesterinin səviyyəsini azaldır, qan dövranını yaxşılaşdırır və damarların elastikliyini qoruyur.
Tərkibindəki yüksək lif miqdarı sayəsində həzm sistemini tənzimləyir, toksinlərin orqanizmdən atılmasına kömək edir və qəbizliyin qarşısını alır.
Qaragilənin təzə və ya dondurulmuş halda istehlakı daha çox fayda verir. Lakin həddindən artıq miqdarda qəbul mədə həssaslığı olan şəxslərdə narahatlıq yarada bilər.
Qidalanma üzrə mütəxəssislər hesab edir ki, qaragilənin gündəlik rasiona əlavə edilməsi immuniteti gücləndirir, dərinin cavan qalmasına və bədənin ümumi sağlamlığının qorunmasına yardım edir.






