Türk qəhvəsi əsrlərdir Şərq mədəniyyətinin ayrılmaz hissəsi hesab olunur. Onun ən fərqli xüsusiyyəti isə üzərindəki qalın və ətirli köpükdür. 

Foodinfo.az xəbər verir ki, bu köpüyü əldə etməyin sirri soyuq su, aşağı istilik və səbirli bişirmə prosesində gizlidir.

Qəhvənin ənənəvi hazırlanma qaydasına görə, hər fincan üçün bir fincan soyuq su və bir dolu çay qaşığı türk qəhvəsi stifadə olunur. İstəyə görə şəkər də əlavə edilir. Bütün inqrediyentlər ocağa qoyulmadan əvvəl qarışdırılır.

Qəhvə aşağı odda yavaş-yavaş qızdırıldıqda üzərində təbii köpük əmələ gəlir. Qaynamağa az qalmış bu köpük qaşıqla fincana yığılır. Daha sonra qəhvə bir qədər də bişirilərək fincanlara paylanır.

Tez bişirilən qəhvələrdə köpük sabit qalmır və dad keyfiyyəti azalır. Ən yaxşı nəticə üçün təzə üyüdülmüş qəhvə və mis cezvə istifadə edilməsi məsləhət görülür.

Bundan əlavə, köpüyün qorunması üçün qəhvəni bişmə zamanı qarışdırmaq olmaz. Qəhvənin üzərinə çıxan ilk köpük onun keyfiyyət göstəricisidir.

Türk qəhvəsinin əsl dadını almaq üçün tələsməmək, prosesi mərhələli şəkildə aparmaq vacibdir. Belə hazırlandıqda qəhvə həm ətirli, həm də köpüklü olur – bu da onu dünyanın ən sevilən içkilərindən birinə çevirir.