Səhər yeməyində yumurtanın miqdarı və düzgün bişirilmə üsulu sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır. Məsələ ilə bağlı qastroenteroloq Yekaterina Kaşux açıqlama verib. Foodinfo.az Sports.kz və URA.RU-ya istinadla xəbər verir ki, sağlam insanlar üçün gündə bir yumurta və ya həftə ərzində 5–7 yumurta kifayət hesab olunur.

Mütəxəssis bildirir ki, lipid mübadiləsi pozulmuş, yüksək xolesterin, ateroskleroz, II tip şəkərli diabet, eləcə də qaraciyər və öd kisəsi xəstəlikləri olan şəxslər üçün yumurta istehlakı məhdudlaşdırıla bilər. Bu hallarda qida rasionu mütləq həkim nəzarəti altında tənzimlənməlidir. Yumurtanın bişirilmə forması da onun faydasına birbaşa təsir göstərir. Termiki emal vitaminlərin qorunmasına, zülalın mənimsənilməsinə və yeməyin kaloriliyinə təsir edir.

Qastroenteroloqun sözlərinə görə, ən faydalı variant yumurtanın “yumşaq” (az bişmiş) və ya poşe formada hazırlanmasıdır. Bu üsullarla bişirildikdə yumurta maksimum vitaminlərini saxlayır və zülal orqanizm tərəfindən daha asan mənimsənilir. Bərk bişmiş yumurtalarda qida dəyərinin bir hissəsi azalır, çox yağda qızardıldıqda isə kalorilik xeyli artır. Omlet hazırlayarkən az miqdarda yağdan istifadə etmək və yapışmayan tava seçmək tövsiyə olunur.

Mütəxəssislər vurğulayır ki, əsas məqsəd qadağa deyil, ölçülü və balanslı qidalanmadır. Yumurta düzgün miqdarda və doğru üsulla hazırlandıqda sağlam səhər yeməyinin vacib hissəsi ola bilər.