Nizamsız və keyfiyyətsiz yuxu ürək sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Son elmi araşdırmalar göstərir ki, gec yatmaq, az yatmaq və ya yuxu rejimini tez-tez dəyişmək ürək-damar xəstəlikləri və ürək tutması riskini əhəmiyyətli dərəcədə yüksəldir.
Foodinfo.az xəbər verir ki, yuxu çatışmazlığı orqanizmdə stress hormonlarının səviyyəsini artırır. Bu isə qan təzyiqinin yüksəlməsinə, ürək döyüntülərinin sürətlənməsinə və damarların zədələnməsinə səbəb olur. Nəticədə ürək daha çox yüklənir və təhlükəli fəsadlar yaranır.
Nizamsız yuxu iltihabi prosesləri gücləndirir və qan şəkərinin tənzimlənməsini pozur. Bu iki faktor da infarkt və qəfil ürək tutması riskini artıran əsas səbəblərdən sayılır.
Kardioloqlar xüsusilə növbəli iş rejimində çalışan insanların daha yüksək risk qrupunda olduğunu vurğulayırlar. Gecə işləyənlərdə yuxu ritmi pozulduğu üçün ürək problemləri daha çox müşahidə edilir.
Sağlam ürək üçün gündə 7–9 saat keyfiyyətli yuxu tövsiyə edilir. Eyni saatda yatıb eyni saatda oyanmaq, yatmazdan əvvəl telefon və ekranlardan uzaq durmaq və sakit mühitdə yatmaq vacib hesab olunur.






