Sağlam mədə üçün düzgün qida seçimi böyük əhəmiyyət daşıyır. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, gastroenteroloq Klara Sıçuqova bildirib ki, qastrit və mədə xorası zamanı bəzi qidaların qəbulu qəti şəkildə tövsiyə edilmir.

Həkimin sözlərinə görə, pomidor, şokolad və nanə mədə reseptorlarını qıcıqlandırır, nəticədə yanma, ağrı və ağırlıq hissi yarana bilər. Hər bir insanda bu məhsulların təsiri fərqli olsa da, ən çox problem yaradan qidalar sırasına ədviyyəli yeməklər, çox yağlı məhsullar, souslar, tomatlar, şokolad, nanə və qəhvə daxildir.

Sıçuqova əlavə edib ki, əvvəllər qastrit və xoraların inkişafına yanlış həyat tərzi səbəb hesab olunurdu, lakin 1982-ci ildə avstraliyalı alimlər Helicobacter pylori bakteriyasını aşkar etdilər. Bu bakteriya xroniki gastritin 90%-inə, mədə və onikibarmaq bağırsaq xoralarının isə 70%-inə səbəb olur. Beləliklə, düzgün qida seçimi və həkim nəzarəti xəstəliyin idarə olunmasında əsas rol oynayır.