Düzgün qidalanma ürək sağlamlığının qorunmasında dərman qədər əhəmiyyətli rol oynayır. Son açıqlamalara görə, gündəlik rasiona daxil edilən bəzi təbii qidalar ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Foodinfo.az xəbər verir ki, siyahısında ilk yerdə balıq gəlir. Xüsusilə somon, skumbriya və sardinanın tərkibində olan omeqa-3 yağ turşuları xolesterolu tənzimləyir və damarların elastikliyini qoruyur.
İkinci sırada zeytun yağı yer alır. Həkimlər bildirirlər ki, zeytun yağı “yaxşı” xolesterolu artırır və damar sərtliyinin qarşısını alır. Bu səbəbdən gündəlik yeməklərdə bitki yağı əvəzinə zeytun yağından istifadə tövsiyə olunur.
Yulaf isə liflə zəngin olduğu üçün “pis” xolesterolu aşağı salmağa kömək edən əsas qidalardan biri kimi göstərilir. Dietoloqlar səhər yeməyində yulafın müntəzəm qəbulunu məsləhət görürlər.
Siyahıda qoz və badam da xüsusi yer tutur. Bu quru meyvələr sağlam yağlarla zəngindir və ürək ritmini dəstəkləyir.
Həmçinin sarımsaq da ürək üçün faydalı hesab olunur. Sarımsaq qan təzyiqini tənzimləməyə və damarların təmiz qalmasına kömək edir.
Nar güclü antioksidant mənbəyi kimi təqdim edilir. Nar suyu damarları qoruyur və qan dövranını yaxşılaşdırır.
Siyahıya daxil edilən yaşıl yarpaqlı tərəvəzlər — ispanaq, pazı və roka — kalium və maqneziumla zəngin olduğu üçün ürək üçün xüsusilə faydalı hesab olunur.
Son olaraq, az miqdarda tünd şokoladın (70%+) da ürək sağlamlığına müsbət təsir göstərə biləcəyi bildirilir. O, damarları rahatladır və təzyiqin tənzimlənməsinə kömək edir.






