Yaş artdıqca yaddaş və diqqətin zəifləməsi bir çox insanda müşahidə olunur. Foodinfo.az Gazeta.ru-ya istinadla xəbər verir ki, Çin alimləri apardıqları araşdırmada bu prosesin qarşısını almaqda tam taxılların mühüm rol oynadığını müəyyən ediblər.
Tədqiqatda 5 mindən çox insan iştirak edib və onların orta yaşı 64 olub. Alimlər iştirakçıların gündəlik qidalanma vərdişlərini təhlil edərək yaddaş, diqqət və düşünmə sürəti üzrə testlərin nəticələri ilə müqayisə ediblər.
Nəticələrə görə, gündə təxminən 75 qram tam taxıl qəbul edən insanların yüngül yaddaş pozğunluqları ilə üzləşmə ehtimalı 18 faiz az olub. Həmçinin bu qrupda diqqət və zehni çeviklik səviyyəsi də daha yüksək qeydə alınıb.
Mütəxəssislər bildiriblər ki, tam taxılların bu təsiri onların tərkibindəki B qrupu vitaminləri, maqnezium, antioksidantlar və liflə bağlıdır. Bu maddələr sinir hüceyrələrini qoruyur, beyin damarlarının sağlamlığını dəstəkləyir və qan dövranını yaxşılaşdırır.
Alimlər qeyd ediblər ki, ağ çörək və ağ düyü kimi məhsulların əvəzinə qarabaşaq, yulaf, qəhvəyi düyü və tam buğda çörəyi kimi qidaların seçilməsi beyin sağlamlığını qorumağa kömək edə bilər.
Beləliklə, mütəmadi şəkildə tam taxılların qəbulu yaddaşın və zehni aydınlığın uzun müddət qorunmasına təsir göstərir.






