Diş sağlamlığına ən çox zərər vuran şirniyyat növü bəlli olub. Foodinfo.az xəbər verir ki, rusiyalı stomatoloq-ortodont Viktoriya Radko diş minasını zəiflədən və kariyes riskini artıran əsas səbəblərdən birinin löbəcikli konfetlər — yəni çubuqlu karamellər olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, bu cür konfetlər dişlər üçün ən təhlükəli hesab olunur, çünki onlar ağızda uzun müddət əriməklə diş minasını şəkərlə təmasda saxlayır. “Löbəcikli konfetlər əsl şəkər konsentratıdır. Onlar 10–15 dəqiqə ərzində ağızda qalır və bu müddət ərzində dişlər sanki ‘şəkər vannasında’ olur”, – deyə Radko qeyd edib.
Bu zaman ağızın turşuluq balansı kəskin dəyişir, nəticədə bakteriyalar üçün ideal çoxalma mühiti yaranır. Həmin bakteriyalar diş minasını zədələyir və kariyesin yaranmasına şərait yaradır.
Stomatoloq xüsusilə uşaqların bu cür konfetləri tez-tez qəbul etməsinin təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, davamlı istifadə həm diş minasını zəiflədir, həm də düzgün diş sırasının formalaşmasına mənfi təsir göstərə bilər.
Bununla belə, həkim qeyd edib ki, şirniyyatdan tamamilə imtina etməyə ehtiyac yoxdur. Sadəcə, düzgün alternativlər seçilməlidir. Radko şəkərin yerinə ksilit kimi təbii şirinləşdiricilərlə hazırlanmış məhsulları məsləhət görüb. Ksilit kariyesə səbəb olmur və antibakterial təsirə malikdir.
Diş həkimi həmçinin şirniyyatların əsas yeməkdən sonra, desert kimi qəbul edilməsini, qəlyanaltı kimi yeyilməməsini tövsiyə edib. Şirin qidaların ardından mütləq su ilə ağızın yaxalanması və dişlərin gündəlik gigiyenasına diqqət yetirilməsi vacib sayılır.
Radko xəbərdarlıq edib ki, diş minasını qorumağın ən təsirli yolu şəkərli qidaların miqdarını azaltmaq və şirin dadı meyvə kimi təbii məhsullardan almaqdır.






