Küçədə və ya şəxsi satış məntəqələrində satılan ev məhsulları sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Foodinfo.az xəbər verir ki, BRİKS Sağlamlıq Koalisiyasının sədri, terapevt Yelena Şurayeva Lenta.ru-ya açıqlamasında əllə satılan qidaların, xüsusilə də ev şəraitində hazırlanmış məhsulların təhlükəli bakteriyalarla yoluxa biləcəyini bildirib.
Onun sözlərinə görə, bu cür məhsulların əsas riski salmonellyoz və botulizmdir. “Xüsusilə isti havalarda mayonezlə qarışdırılmış hazır salatlar salmonella bakteriyasının çoxalması üçün ideal şərait yaradır. Eyni zamanda, evdə hazırlanmış paştetlər, qan kolbasası kimi məhsullar botulizm üçün əsas risk daşıyır,” – deyə Şurayeva xəbərdarlıq edib.
Həkim bildirib ki, belə məhsulların saxlanma şəraiti, istilik rejimi və təmizliyi çox vaxt nəzarətsiz olur. Bu isə bakteriyaların artmasına və qida zəhərlənməsinə gətirib çıxarır.
Mütəxəssis həmçinin vurğulayıb ki, yollarda və ya bazar kənarlarında satılan hisə verilmiş və qurudulmuş balıqlar da təhlükəli ola bilər. “Bu cür yerlərdə məhsulların mənşəyi, saxlanma müddəti və keyfiyyəti barədə heç bir məlumat verilmir. Belə qidalar tez xarab olur və toksin toplaya bilir,” – deyə o əlavə edib.
Şurayeva insanların ucuz və “ev dadı” adı ilə satılan bu məhsullara aldanmamağa çağırıb. O qeyd edib ki, botulizm çox zaman ev şəraitində konservləşdirilmiş və ya qeyri-steril qablaşdırılmış məhsulların istifadəsi nəticəsində yaranır və bu xəstəlik ağır nəticələrə səbəb ola bilər.
Mütəxəssisin fikrincə, ən təhlükəsiz variant yalnız sertifikatlı mağazalardan alınan, istehsal tarixi və saxlanma şəraiti göstərilmiş məhsullardır. Şurayeva vurğulayıb ki, “qidanın görünüşünə və dadına güvənmək olmaz — əsas məsələ onun harada və necə hazırlandığıdır.”






