Boyun dairəsini ölçmək insanın sağlamlıq riski haqqında ilkin məlumat verə bilər. Foodinfo.az xəbər verir ki, Londonun Kinqston Universitetinin alimləri müəyyən ediblər: boynun çevrəsi bir çox xroniki xəstəliklərin yaranma ehtimalını sadəcə bir neçə saniyəyə müəyyən etməyə imkan yaradır.
Araşdırmanın müəllifləri Əhməd Əlbədavi və Nadine Vahidə bildiriblər ki, boynun ölçüsünü adi santimetr lentlə ölçmək kifayətdir və bu, orqanizmdə gizli sağlamlıq problemlərinin siqnalı ola bilər.
Alimlərə görə, kişilərdə boyun dairəsinin 43 santimetrdən, qadınlarda isə 35,5 santimetrdən çox olması riskli sayılır. Bu göstərici artıq çəkidən başqa, 2-ci tip şəkərli diabet, yüksək qan təzyiqi, ürək ritm pozğunluğu və yuxu apnoesi kimi xəstəliklərin xəbərçisi ola bilər.
Tədqiqatçılar qeyd ediblər ki, boyun hissəsində yığılan zərərli daxili yağlar (visseral piylər) qana yağ turşuları buraxaraq xolesterin səviyyəsini, qan şəkərini və ürək ritmini poza bilir. Bu isə gələcəkdə infarkt və digər ürək-damar problemlərinə yol aça bilər.
Mütəxəssislər hesab edirlər ki, bu sadə ölçü üsulu ev şəraitində də asanlıqla tətbiq edilə bilər və sağlamlıqla bağlı erkən xəbərdarlıq siqnalı kimi faydalı nəticələr verə bilər.






