Payızın qısa günləri və uzun gecələri bir çox insanda səhər oyanmaqda çətinlik yaradır. Foodinfo.az xəbər verir ki, “SberZdorovye” tibb şirkətinin həkim-nevroloqu Anastasiya Artyomova bu mövsümdə yuxu və enerjini tənzimləmək üçün bir sıra tövsiyələr verib.

Mütəxəssisin sözlərinə görə, payızda təbii işığın azalması insanın bioloji ritmlərinə birbaşa təsir edir, buna görə də rejimə riayət etmək çox vacibdir. O bildirib ki, hər gün, hətta istirahət günlərində belə, eyni vaxtda yatmaq və oyanmaq orqanizmin bioloji saatını sabit saxlayır.

Artyomova qeyd edib ki, yuxunun müddəti ən azı yeddi saat olmalıdır. “Bir çox insan axşam yuxuya getməkdə çətinlik çəkir. Buna görə də yatmazdan təxminən bir saat əvvəl telefon və digər elektron cihazlardan uzaqlaşmaq lazımdır. Bu, yuxu hormonu olan melatoninin normal istehsalını bərpa etməyə kömək edir”, – deyə nevroloq RT-yə açıqlamasında bildirib.

O, həmçinin vurğulayıb ki, payızda işıq çatışmazlığı orqanizmin ritmlərini pozur, buna görə süni işıqlandırmadan istifadə faydalıdır. “Səhərlər oyanmağı asanlaşdırmaq üçün günəş işığını imitasiya edən lampalardan və ya 10 min lüks gücündə işıqterapiya lampalarından yararlanmaq mümkündür”, – deyə həkim əlavə edib.

Mütəxəssis həmçinin gün ərzində, xüsusən 11:00-dan 15:00-a qədər açıq havada gəzintiləri tövsiyə edir. Onun sözlərinə görə, bu, orqanizmin sirkadiyan ritmini dəstəkləyir və yuxu keyfiyyətini artırır.

Artyomova əlavə edib ki, müntəzəm fiziki aktivlik – həftədə üç dəfə 50 dəqiqəlik aerob hərəkətlər və iki dəfə güc məşqləri – həm enerjini, həm də əhvalı yaxşılaşdırır. Hətta 15 dəqiqəlik səhər gimnastikası belə bədəni oyadır və zehni canlandırır.

Nevroloq balanslı qidalanmanın da payız aylarında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, gündəlik rasionda mürəkkəb karbohidratlar, zülallar, faydalı yağlar, vitaminlər və mikroelementlərlə zəngin qidalar – təzə tərəvəzlər, meyvələr, tam dənli məhsullar, az yağlı ət və süd məhsulları olmalıdır. Bu, həm enerjini qorumağa, həm də payız depressiyasından uzaq qalmağa kömək edir.