Soyuqdəymə dövründə isti toyuq bulyonu təkcə rahatlıq gətirmir, həm də orqanizmin bərpasına yardım edir. Foodinfo.az xəbər verir ki, Rusiya Rospotrebnadzorunun CMD Sverdlovsk Klinikasının terapevti Anna Xakimova “Gazeta.ru”-ya açıqlamasında toyuq bulyonunun həm immun sisteminə dəstək verdiyini, həm də orqanizmdəki iltihabi prosesləri zəiflətməyə kömək etdiyini bildirib.
Mütəxəssisin sözlərinə görə, bulyon orqanizmi susuzluqdan qoruyur və xəstəlik zamanı itirilən mayeni bərpa edir. “Toyuq bulyonu çox yüngül həzm olunur, buna görə də orqanizm enerjisini qidanı həzm etməyə deyil, bərpaya sərf edir,” – deyə həkim izah edib.
Xakimova əlavə edib ki, bu qida tərkibcə olduqca zəngindir: “Bulyonun tərkibində asan mənimsənilən zülallar, amin turşuları, B qrupu vitaminləri, dəmir və immun sistemi üçün vacib minerallar var.”
Həkim vurğulayıb ki, bulyonun əsas faydası onun istiliyində və yüngüllüyündədir – isti maye burun tıxanıqlığını azaldır, boğazı yumşaldır və orqanizmdə dövranı aktivləşdirir.
Mütəxəssis həmçinin qeyd edib ki, toyuq bulyonunun təsiri yalnız təbii məhsullarla hazırlandıqda daha güclü olur. “Əgər bulyon ev şəraitində, çox yağsız və duzsuz bişirilərsə, o zaman həm orqanizm üçün daha yüngül, həm də bərpaedici təsiri daha güclü olur,” – deyə Xakimova bildirib.
Dietoloqların fikrincə, bu ənənəvi vasitə təkcə xalq təcrübəsinin nəticəsi deyil, həm də elmi əsaslara söykənən təsirli dəstək üsuludur. Soyuqdəymə zamanı gündə bir-iki dəfə isti bulyon içmək orqanizmi həm qidalandırır, həm də sağalma prosesini sürətləndirir.






