Son vaxtlar sosial şəbəkələrdə və gənclər arasında populyarlaşan “latyao” adlı soya qəlyanaltısı sağlamlıq üçün ciddi risk daşıyır. Foodinfo.az xəbər verir ki, ailəvi qidalanma üzrə mütəxəssis Yuliya Popova bu məhsulun mədə-bağırsaq sisteminə və ümumi orqanizmə mənfi təsirlərindən danışıb.

Onun sözlərinə görə, “latyao” adlanan bu qəlyanaltı yağda qızardılmış və acı sousda duz, ədviyyat və kimyəvi əlavələrlə marinad edilmiş soya ətindən hazırlanır. Tərkibində çoxlu duz və kəskin ədviyyatlar olan bu məhsul həzm orqanlarına aqressiv təsir göstərir.

Mütəxəssis qeyd edib ki, uşaqlarda və yeniyetmələrdə həzm sistemi tam formalaşmadığından, bu cür ağır və ədviyyatlı qidalar orqanizmdə pozulmalara səbəb ola bilər. Popovanın sözlərinə görə, bu məhsulun tez-tez yeyilməsi ishal, susuzlaşma və elektrolit pozğunluğu yarada, həmçinin qastrit riskini artıra bilər.

Qidalanma mütəxəssisi əlavə edib ki, “latyao”da olan yüksək duz və ədviyyat miqdarı ürək-damar və böyrək xəstələri üçün xüsusilə təhlükəlidir. Bundan başqa, yağda çox qızardıldığı üçün bu qəlyanaltı qaraciyərə və mədəaltı vəzə əlavə yük yaradır.

Yuliya Popova həmçinin xəbərdarlıq edib ki, bəzi hallarda bu məhsullar keyfiyyətsiz xammaldan hazırlandığı üçün qidalanma zəhərlənməsinə də səbəb ola bilər.

Mütəxəssis valideynlərə çağırış edib: uşaqların sosial şəbəkələrdə gördüyü hər “dəbli qəlyanaltını” sınamasına icazə verməmək, əvəzində təbii və yerli məhsullara üstünlük vermək lazımdır.