Payız və qış aylarında günlərin qısalması və günəş işığının azalması bir çox insanda halsızlıq, yuxululuq və əhval enməsi yaradır. Foodinfo.az xəbər verir ki, terapevt Anastasya Aqayeva bu fəsillərdə bədənin və zehinin gümrah qalması üçün bir sıra sadə, lakin təsirli üsullar təklif edib.
Həkimin sözlərinə görə, səhər saatlarında işıq terapiyası üçün nəzərdə tutulmuş 10 min lüks gücündə lampa istifadə etmək faydalıdır. Bu, orqanizmin gün işığına ehtiyacını qismən qarşılayır və “sevinclə əlaqəli” hormonların — serotoninin səviyyəsini artırmağa kömək edir.
Aqayeva həmçinin gün ərzində, xüsusilə saat 11:00-dan 15:00-a qədər açıq havada gəzməyi məsləhət görür. Onun fikrincə, bu, həm qan dövranını yaxşılaşdırır, həm də təbii yolla D vitamini sintezini stimullaşdırır.
Mütəxəssis deyir ki, payızda rejimə əməl etmək, vaxtında yatmaq və oyanmaq çox vacibdir. Axşam saatlarında telefondan, televizordan və ya kompüterdən istifadəni minimuma endirmək lazımdır, çünki ekran işığı melatonin hormonunun ifrazını azaldır və yuxu keyfiyyətinə mənfi təsir göstərir.
O, həmçinin düzgün qidalanmanın əhəmiyyətini vurğulayır: rasionda təzə tərəvəz, meyvə, balıq, qoz-fındıq və tam taxıllar olmalıdır. Bu qidalar immuniteti gücləndirir və orqanizmi mövsümi dəyişikliklərə qarşı daha dözümlü edir.
Sonda həkim qeyd edib ki, hərəkətsiz həyat tərzi payız xandrasını dərinləşdirir. Buna görə də gündəlik yüngül idman, rəqs və ya sadəcə 20 dəqiqəlik gəzinti belə, ruh halını xeyli yaxşılaşdırır.






