Günorta saatlarında yaranan halsızlıq və yuxululuq bir çox insanın gündəlik probleminə çevrilib. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün həmişə qəhvəyə ehtiyac olmur — daha təbii və effektiv üsullar da mövcuddur.

Foodinfo.az Life.ru saytına istinadla xəbər verir ki, mütəxəssis gün ərzində enerjinin azalmasının əsas səbəblərinin uzun müddət oturaq qalmaq, su çatışmazlığı və təmiz havanın azlığı ilə bağlı olduğunu bildirib. Bu səbəbləri aradan qaldırmaq üçün isə üç sadə vərdiş kifayətdir.

İlk olaraq qısa, lakin aktiv fiziki hərəkətlər tövsiyə olunur. Əlləri, boyun və qulaqları ovmaq, daha sonra isə qolları yuxarı qaldıraraq dartınmaq və bir neçə dəfə oturub-durmaq qan dövranını sürətləndirir və orqanizmi tez bir zamanda “oyadır”.

İkinci vacib məqam su balansıdır. Hətta yüngül susuzlaşma belə yorğunluğa və diqqətin azalmasına səbəb ola bilər. Buna görə də gün ərzində hər saat bir stəkan su içmək vərdişi enerji səviyyəsini sabit saxlamağa kömək edir.

Üçüncü tövsiyə isə təmiz hava və düzgün nəfəsalma ilə bağlıdır. Otaqları mütəmadi havalandırmaq və imkan olduqda qısa fasilələrlə çölə çıxmaq faydalıdır. Bundan əlavə, dərin nəfəs alıb sürətli şəkildə vermək kimi sadə nəfəs məşqləri orqanizmi oksigenlə zənginləşdirərək yuxululuğu azaldır və ayıqlığı artırır.