“Son günlər Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli hücumlarına layiqli cavabı, təcavüzkar qüvvələrə öz həddini göstərməsi hər birimizin ruhunda qürur və ləyaqət duyğusunu alovlandırır. Bu gün bütün dövlət qurumları, özəl müəssisələr- hər bir Azərbaycan vətəndaşı öz ordusunun yanındadır”.
Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilir ki, təsadüfi deyil ki, müxtəlif sahələr üzrə ixtisaslı həkimlər də bu nəcib təşəbbüsə qoşulur və TƏBİB-in elektron poçt ünvanı və sosial şəbəkə hesabları vasitəsilə könüllü olaraq yaralı əsgərlərimizin müalicə prosesində iştirak etmək niyyətlərini ifadə edirlər.
“Bütün tibb işçilərinə göstərdikləri həmrəyliyə görə, TƏBİB adından təşəkkür edir, eyni zamanda bildiririk ki, hal-hazırda yaralı hərbçilərimizin sağlamlığına bir an öncə qovuşması üçün maddi-texniki baza tam təmin edilmiş, səhiyyə müəssisələri komplekləşmiş və aidiyyatı ixtisaslı tibb işçiləri artıq fəaliyyətə başlamışdır, əlavə resurslara zərurət yoxdur.
Bir daha təmannasız xidmətə hazır olan bütün tibb işçilərinə minnətdarlığımızı bildirir, Azərbaycanın müzəffər ordusunun qələbəsinə əminliyimizi ifadə edirik".