Qida subyektləri fəaliyyət istiqamətindən və həcmindən asılı olaraq, istehsal prosesinə nəzarət məqsədilə həyata keçirdiyi tədbirlərlə əlaqədar kağız və ya elektron qaydada sənədləşmə aparmalı və tələb olunduqda qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqana təqdim etməlidir. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”a 1 nömrəli əlavədə (“İlkin istehsal və əlaqəli fəaliyyətlərlə bağlı gigiyena tələbləri”) bildirilir. 

Foodinfo.az-ın məlumatına görə, sənəddə qeyd olunur ki, heyvan yetişdirən yaxud heyvan mənşəli ərzaq xammalı istehsal edən qida subyektləri müvafiq qeydlərini aparmalıdır. Bunlara heyvanlara verilən yemin xüsusiyyətləri və mənşəyi, heyvanlara tətbiq edilən müalicə üsulları və baytarlıq preparatları, o cümlədən onların orqanizmə daxil edilmə və daxil edilmənin dayandırıldığı tarixlər, heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinə təsir edə biləcək xəstəliklərin baş verməsi, diaqnostika məqsədilə heyvanlardan götürülmüş nümunələrdə insan sağlamlığı üçün əhəmiyyət kəsb edən müvafiq sınaqların nəticələri, heyvanlar və heyvan mənşəli qida məhsulları ilə bağlı aparılmış baytarlıq nəzarəti tədbirləri (yoxlamalar və hesabatlar) daxildir. 

Həmçinin bitki mənşəli qida məhsulları istehsal edən yaxud yetişdirən (yığımını həyata keçirən) qida subyektləri bitki mühafizəsi vasitələrinin tətbiqi nəticələrini, bitki mənşəli məhsulların təhlükəsizliyinə təsir edə biləcək hər hansı zərərvericilərin və ya xəstəliklərin baş vermə hallarını, insanların sağlamlığının və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bitki və bitkiçilik məhsullarından götürülmüş nümunələr və ya zərərvericilər üzərində aparılmış sınaqların və təhlillərin nəticələri ilə bağlı qeydlərini aparmalıdır.