Qlobal istiləşmənin 15 ildə 1,5 dərəcə aşağı düşməsi karbon emisiyasının 50 faiz azalmasına səbəb ola bilər.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) açıqladığı yeni hesabatında qeyd edilir.
Hesabata görə, sənaye inqilabından bəri planetimizdəki orta temperatur 1 dərəcə daha da artıb və qlobal istiləşmə getdikcə sürətlə artır:
“1980-ci ildən bəri hər onillik ondan öncəkindən daha isti keçir. Son 5 il yəni 2015-2019-cu illər ən isti illər kimi yadda qalıb və 2019-cu il ikinci rekord isti il kimi qeydə alınıb. Yer sistemlərində artan təzyiq onsuz da hava ilə əlaqəli daha tez-tez baş verən təbii fəlakətlərdə özünü göstərir. Həmçinin qlobal olaraq dənizlərin səviyyəsi də qalxmaqdadır”.
IMF-in araşdırmasında qeyd edilir ki, qlobal istiləşmənin əsas səbəbi istixana qazları və fosil yanacağının yandırılması ilə yaranan karbondur.
Alimlər temperaturun 1,5-2 dərəcə aşağı salınaraq ən azı sənaye inqilabından öncəki vəziyyətə çatdırılması ilə bağlı ehtiyac olması xəbərdarlığını ediblər:
“COVID-19 pandemiyası istixana qazlarının emissiyasını azaltsa da bu müvəqqəti xarakter daşıyır. Əgər ekoloji vəziyyətlə bağlı siyasət dəyişməsə bu əsrin sonuna qədər qlobal orta temperatur daha 2-5 dərəcə artacaq. Bu isə milyon illər ərzində görünməyən fiziki və iqtisadi problemə gətirəcək, həmçinin planetə katastrofik riskləri artıracaq.
Temperaturun yüksəlməsi kənd təsərrüfatı və balıqçılıq kimi sahələrdə məhsuldarlığı aşağı salacaq, xüsusən də onların açıq havada çalışan əməkdaşlarının iş fəaliyyətinə mənfi təsir edəcək.
Həmçinin dəniz səviyyəsinin qalxması sahilyanı ərazilərdə yaşayanların iqtisadi vəziyyətinə mane olmaqla yanaşı binaların və digər infrastruktur obyektlərinin də fiziki məhvinə səbəb olacaq. Həmçinin təbii fəlakətlərin artması yoluxucu xəstəliklərin də geniş vüsət almasına şərait yaradacaq".