Alimlər hesab edir ki, dünya əhalisinin üçdə ikisi immunitet qazanmayınca, koronavirus pandemiyası iki il davam edəcək. Foodinfo.az Modern.az-a istinadən xəbər verir ki, Amerika alimləri dünyada koronavirusun yayılmasının davam edəcəyini açıqlayıb. Onlar iddia edib ki, əhalinin üçdə ikisi xəstəlikdən immunitet əldə etməyincə, virus 2 ilə qədər davam edəcək.
Bu barədə Minnesota Universitetinin İnfeksion Xəstəlikləri Araşdırma və Siyasət Mərkəzinin "Bloomberg"də yayımlanan hesabatında məlumat verilib. Alimlərin proqnozları mövcud təhlillərə, həmçinin keçmişdə bəşəriyyətin pandemiya ilə mübarizə üsullarına əsaslanan mövcud məlumatlar üzərində qurulub. Nəticədə tədqiqatçılar bu qənaətə gəlib ki, dünya insanlarının üçdə ikisi immunitet qazanmalıdır.
Hətta alimlər 2020-ci ildə peyvənd hazırlasalar da, hamıya bu vaksinin vurulması üçün vaxt lazım olduğunu qeyd ediblər. 2009-2010-cu illərdə qrip pandemiyasında da eyni hal yaşandığı diqqətə çatdırılıb.
"İnfeksiya ABŞ-da başlanğıc pik həddə çatana qədər peyvənd tapılmamışdı", - deyə hesabatda qeyd edilib.
Koronavirus pandemiyasını cilovlamaq qripdən daha çətindir. Çünki yoluxanların bir hissəsində heç bir əlamət olmur, eyni zamanda virusu digər insanlara aktiv şəkildə ötürməyə davam edirlər.
Minnesota Universitetinin İnfeksion Xəstəlikləri Araşdırma və Siyasət Mərkəzini idarə edən Mayk Osterholm "60-70% insan yoluxmayana qədər bu bəla dayanmayacaq" , - deyə açıqlama verib.