Yaşından asılı olmadan, bir çoxları peşməyi sevsələr də, onu küçədəki köşklərdən almaq təhlükəlidir.
Foodinfo.az xəbər verir ki, bu barədə gigiyena mütəxəssisi, professor Sergey Gildenskiold danışıb.
Onun sözlərinə görə, buna səbəb antisanitar şəraitdir:
"Yaxşı olar ki, nə uşaqlar, nə də böyüklər küçədə yalnız dönər deyil, peşmək də almasınlar. Gigiyena qaydalarını xatırlayın. Küçədə daim toz olur və bundan qurtulmaq mümkün deyil. Peşməyi hazırlayan aparatın, satıcının geyiminin və əllərinin təmizliyini təmin etmək çətindir, xüsusilə də isti havada”.
Ekspert əlavə edib ki, adi tozdan başqa, yaxınlıqdakı bitkilərin çiçək tozu da peşməyə düşüb allergiyaya səbəb ola bilər.
"Əvvəllər peşmək yalnız ağ rəngdə olurdu, indi isə ona qida boyaları və dadlandırıcılar qatılır. Görünüşcə gözəl olub uşaqların xoşuna gəlsə də, allergik reaksiyalara meylli insanlar daha çox ehtiyat etməlidirlər", - deyə professor xəbərdarlıq edib.
O xatırladıb ki, peşmək yüksək temperaturda şəkər siropundan alınmış nazik şəkər saplarından ibarətdir. Bir porsiya (əgər texnologiyanı pozmadan hazırlanırsa) təxminən 10 qram şəkər ehtiva edir, gündəlik norma isə, məsələn, ağır iş yükü olan hərbçi üçün gündə 65 qram, uşaqlar üçün isə bundan xeyli azdır.
"Zamanımızda əksər uşaqlar kola, bulka, pirojna və konfet kimi çoxlu şirin və zərərli qidalar qəbul etdikləri üçün şəkərli diabetə meyillidirlər. Peşmək də bu dadlı, lakin son dərəcə zərərli qidalar siyahısındadır”, - deyə Gildenskiold təəssüflə qeyd edib