“Yumşaq və elastik oturacaqlar onurğaya düşən yükü artırır”. Foodinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq cərrah Sənan Aşirov deyib. O bildirib ki, iş yerlərinin əksəriyyətində insanlar kreslo tipli oturacaqlarda otururlar. “Oturduğumuz stullar belə qamətimizin formalaşmasında böyük rol oynayır. Buna fikir vermək lazımdır ki, oturacağın kürək hissəsi onurğanın fiziologiyasına uyğun olsun. Çünki oturaq həyat tərzi keçirən insanlarda əzələlər zəifləyir, bu da onurğaya düşən yükü artırır. Əsasən düz söykənəcəkli və sərt oturacaqlarda əyləşmək məsləhət görülür. Əgər bütün gün oturaq həyat keçirirsinizsə, bir müddət gəzdikdən sonra onurğada ağrılar hiss edilməsi mümkündür. Bunun üçün az da olsa onurğanı rahatladacaq hərəkətlər etmək lazımdır. Oturaq həyat tərzi keçirən insanlarda təkcə bel deyil, aşağı ətraflarda da problemlər yaranır. Buna görə də oturacaq düzgün seçilməlidir”.