Əvvəllər ürək-damar xəstəlikləri ilə üzləşməyən insanlarda bu xəstəliklərin riskini müəyyən etməyin ən geniş yayılmış üsulu koronar arteriyada kalsiumun konsentrasiyasını müəyyən etməkdir. Bu makroelementin toplanması, demək olar ki, ürəkdəki problemlərin carçısıdır.
San-Paulu Universitetinin (Braziliya) İctimai Səhiyyə Məktəbinin alimləri qəhvənin arteriyaya təsirini yoxlamaq qərarına gəliblər və bu məsələyə bütöv bir tədqiqat həsr ediblər.
Mütəxəssislər 35-74 yaşlı 4400 San-Paulu sakini arasında onların həyat tərzi, vərdişləri barədə sorğu aparıblar və gündə neçə fincan qəhvə içdiklərini müəyyən ediblər. Onların təqribən 80 faizi bildirib ki, idmanla az məşğul olur; 66 faizi artıq çəkidən - piylənmədən əziyyət çəkir, 16 faizi siqaret çəkir, 30 faizi vaxtilə siqaret çəkib. Onların təxminən 56 faizi gündə azı 2 fincan, 12 faizi 3 fincan və ya daha çox qəhvə içir.
Sonra tədqiqatçılar xüsusi skanerin köməyi ilə sorğuda iştirak edənlərin koronar arteriyasında kalsiumun konsentrasiyasını yoxlayıblar. Alimlər sorğu ilə müayinənin nəticələrini tutuşduraraq bu qənaətə gəliblər ki, gündə üç fincan qəhvə içən şəxslərin damarında kalsiumun səviyyəsi az miqdarda qəhvə içənlərə nisbətən aşağıdır. Maraqlıdır ki, belə əlaqə yalnız heç vaxt siqaret çəkməyən iştirakçılarda aşkar edilib.
Hələlik mütəxəssislər arteriyalarda kalsiumun toplanmasına qəhvənin necə mane olduğunu, habelə siqaretçəkmənin burada nə kimi rol oynadığını izah edə bilməyiblər. Bununla belə, tədqiqatın müəllifi Andrey Miranda qəhvəni çox içməyi məsləhət görmür, çünki gündə 4, 5 fincan və daha çox qəhvənin sağlamlığa necə təsir göstərəcəyi məlum deyildir. ABŞ-ın Anadangəlmə Ürək Qüsurları Mərkəzinin (UCLA) profilaktiki kardiologiya proqramının direktorlar şurasının üzvü Qreqq Fonarov deyib: "Qəhvə insulinə həssaslığı yaxşılaşdırır, pis xolesterinin səviyyəsini salır, onun antioksidant və iltihabəleyhinə xüsusiyyətləri diabet riskini azaldır". Q.Fonarov əlavə edib ki, daha əvvəl qəhvənin koronar arteriyaya təsirini öyrənmək cəhdləri belə əlaqə aşkar etməyib. Buna görə də daha geniş tədqiqat aparılmalıdır.
Avropa Qida Təhlükəsizliyi Agentliyi daha əvvəl müəyyən edib ki, gündə 400 milliqramdan çox kofein qəbul etmək olmaz. (AZƏRTAC)