Mədəaltı vəzi insan orqanizmində həm həzm, həm də endokrin sistemin vacib hissəsidir. Foodinfo.az bildirir ki, bu orqan qarının yuxarı hissəsində, mədənin arxasında yerləşir və həm qidaların parçalanmasında, həm də hormonların ifrazında mühüm rol oynayır.

Mədəaltı vəzinin əsas funksiyalarından biri həzm fermentləri ifraz etməkdir. Bu fermentlər yağları, zülalları və karbohidratları parçalayaraq qidanın bağırsaqlarda daha yaxşı mənimsənilməsinə şərait yaradır. Əgər bu fermentlər yetərincə istehsal olunmazsa, orqanizm qidalardan lazımi faydanı ala bilmir və müxtəlif həzm problemləri yaranır.

Digər mühüm vəzifə isə hormonların – xüsusilə insulin və qlükagonun istehsalıdır. İnsulin qandakı şəkərin hüceyrələrə daşınmasını təmin edir və onun normada qalmasına kömək edir. Qlükagon isə əksinə, qandakı şəkərin çox aşağı düşməsinin qarşısını alır. Bu iki hormonun balanslı fəaliyyəti şəkərli diabetin yaranmaması üçün həyati əhəmiyyət daşıyır.

Mədəaltı vəzi həmçinin yağların parçalanmasında xüsusi rol oynayır. Onun ifraz etdiyi lipaz fermenti yağların həzm olunmasını asanlaşdırır, bu isə həm enerji əldə etmək, həm də vitaminlərin orqanizmə sorulması üçün zəruridir.

Mütəxəssislər qeyd edirlər ki, mədəaltı vəzinin sağlamlığını qorumaq üçün düzgün qidalanma çox vacibdir. Yağlı, çox ədviyyatlı yeməklər, spirtli içkilər və həddindən artıq şəkər bu orqana zərər verir və pankreatit kimi ağır xəstəliklərə səbəb ola bilər. Əksinə, tərəvəzlər, meyvələr, tam taxıllar və yüngül zülak mənbələri mədəaltı vəzinin normal fəaliyyətini dəstəkləyir.