Azərbaycanda qoyun sürülərinin qışlaqlardan yaylaqlara köç prosesinə start verilib. Aran bölgələrində yerləşən qışlaqlardan sürülərin dağlıq ərazilərdə yaylaqlara köçü mayın sonuna kimi davam edəcək. AZƏRTAC xəbər verir ki, Biləsuvar qışlaqlarındakı təsərrüfatlarda saxlanılan sürülər Lerik yaylaqlarına köç edir. Sürülər Masallı-Yardımlı yolu ilə Təkdam-Pirəsora-Orand istiqamətində yaylaqlara qalxır. Gün ərzində bu istiqamətdə təxminən 5 mindən çox xırdabuynuzlu heyvanın köçü təşkil edilir. Qeyd edək ki, Lerik yaylaqlarında əsasən, Pirəsora qoyun cinsindən olan sürülər saxlanılır. “Pirəsora” qoyunları xalq seleksiyası nəticəsində çarpazlaşdırma yolu ilə yetişdirilib, yüksək yun, ət, yağ, balavermə qabiliyyətinə malikdir. Lerik zonasında geniş yayılmış bu qoyun cinsi Pirəsora kəndinin şərəfinə “Pirəsora” adlandırılıb. Törədici qoçların diri çəkisi 60-75 kiloqram, ana qoyunların çəkisi 35-40 kiloqram olur, toğluların çəkisi isə 30 kiloqrama çatır.