Bəzi insanlar təkbaşına idman etməyi üstün tuturlar, bəziləri isə başqaları ilə birlikdə. Bəs qrup məşqləri həqiqətən daha çox motivasiya edirmi?

 Foodinfo.az-ın məlumatına görə, elmi araşdırmalar bu suala "bəli" cavabını verir.

Kanadanın Qərbi Ontario Universitetindən Dr. Aleks C. Bensonun sözlərinə görə, digər insanlarla birlikdə edilən məşq həqiqətən də vacib motivasiya faktorudur. Bununla belə, qrup məşqlərinin bütün formaları eyni təsirə malik deyil.

Kanzas Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, velotrenajorlarda komanda yoldaşları ilə birgə məşq edən qadınlar fiziki fəaliyyətlərinin vaxtını və intensivliyini 200% artırıblar. Bu, sizdən daha yaxşı olduğunu düşündüyünüz biri ilə məşq etdiyiniz zaman xüsusilə təsirlidir.

Tədqiqatlar göstərir ki, qrupdakı insanlar məşqləri daha az vaxt aparan və asan hesab edirlər, buna görə də onları daha həvəslə yerinə yetirirlər.

Bundan əlavə, qrup məşqləri alışqanlıq yarada bilər, mehriban ab-hava isə insanlara motivasiyanı qorumaqda kömək olur.