"Apple Watch" daxil olmaqla, bütün saatların kəməri təhlükəli bakteriyaların toplandığı yer ola bilər.

 Foodinfo.az xəbər verir ki, bunu Florida Atlantik Universitetinin tədqiqatçıları tərəfindən aparılan son araşdırmanın nəticələri göstərir. 

Belə ki, rezin, parça, dəri, plastik, qızıl və gümüş kimi müxtəlif materiallardan hazırlanmış kəmərlərin üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, onların 95%-ində bakteriyalar mövcuddur. 

Ən çox yayılmış bakteria növü "Staphylococcus spp" olub. O, stafilokok infeksiyalarına səbəb ola bilər və kəmərlərin 85% -ində tapılıb. Bundan əlavə, kəmərlərin 30%-də pnevmoniya və digər infeksiyalara səbəb olan "pseudomonas aeruginosa", 60%-də isə "E.coli" aşkar edilib.

Ən çox bakteriya parça, rezin və plastik kəmərlərdə olub, metal qayışlarda isə çox az bakteriya aşkarlanıb.

Tədqiqatçılar bakterial yoluxma riskini azaltmaq üçün kəmər və bilərziklərin mütəmadi olaraq dezinfeksiya edilməsinin vacibliyini vurğulayırlar.