Kür çayı quruyur, dəniz suyu isə əksinə irəliləyir. Artıq iki həftədən çoxdur ki, Neftçalada dəniz suyu Kür çayına qarışaraq Aşağı Surra kəndinə kimi yaxınlaşıb. Bu da əhalinin yenidən narahatlığına səbəb olub. Foodinfo.az Report-a istinadən xəbər verir ki, son vaxtlar Kürün Neftçala rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi minimum həddən də aşağı düşüb. Bunun nəticəsidir ki, Xəzər dənizinin suyu yenidən Kür çayına qarışıb. İki həftədən çoxdur irəliləməkdə davam edən dəniz suyu artıq rayonun sonuncu yaşayış məntəqəsi olan Aşağı Surra kəndinə kimi çatıb. Bu da Kür sahili boyu yaşayan kənd sakinlərini çətin duruma salıb. Sakinlərin sözlərinə görə, Kür suyu şorlaşdığından təsərrüfatlarda saxlanılan mal-qara bu sudan içmir. Yalnız kollektor suyu ilə qidalanır. Belə bir vəziyyətdə ən çox çətinliklərlə üzləşən pambıqçı fermerlərdir. Hazırda rayonda pambıq sahələrinin suvarılan vaxtdır. Və suya olan təlabat daha da böyükdür. Lakin suyun şor olması onları da çıxılmaz vəziyyətdə qoyub. İcra hakimiyytindən verilən məlumata görə, əhalinin içməli suya olan təlabatının ödənilməsi məqsədi ilə rayondakı yaşayış məntəqələrində hər birinin 5 tonluq su tutumu olan 145 ədəd plastik su çəni qoyulub. Ayrılan 12 su maşını vasitəsi ilə həmin çənlər su ilə doldurulur və əhali ondan istifadə edir. Qeyd edək ki, hazırda rayonda vəziyyət nəzarətdə saxlanılsa da, mənzərə heç də ürəkaçan deyil. Vəziyyətdən çıxmaq üçün mütəxəssislər hesab edirlər ki, Kürün deltasında süni maneələr yaratmaqla çayın səviyyəsi ya qaldırılmalı, ya da Mingəçevir su anbarından buraxılan suyun həcmi artırılmalıdır. Əgər vaxtında qabaqlayıcı tədbirlər görülməzsə, rayonda vəziyyət kritik həddə çata bilər.