Foodinfo.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayevanın “Report”a müsahibəsi: - Hazırda Azərbaycanda koronavirus pandemiyası ilə bağlı vəziyyət necədir? - Ölkədə pandemiya ilə əlaqədar epidemioloji vəziyyət tam nəzarət altındadır. Gündəlik yoluxma sayı azalır. Ən vacib göstərici isə xəstəliyin ağırlığı, yəni kliniki vəziyyət və xəstəxanalara olan tələbatdır. Bu məsələdə də heç bir problem yoxdur və vəziyyət nəzarət altındadır. - Bu yaxınlarda karantin rejimi ilə bağlı bəzi qadağalar ləğv edildi. Bu, pandemiyanın növbəti dalğasına səbəb ola bilərmi? - Son iki il ərzində, yəni pandemiya dövründə müşahidə etdiyimiz xəstəliyin gedişatı, virusun mutasiyaları, yeni ştamların meydana çıxması bizi ehtiyatlı, səbrli addımlamağa məcbur edir. Ona görə də dünyada baş verən hadisələri daim izləyirik. Çünki pandemiya qlobal prosesdir. COVID-19 infeksiyası ilə bağlı durum sırf Azərbayandakı epidemioloji vəziyyətə əsasən qiymətləndirilmir. Bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunub. Hazırda dünyanın bəzi ölkələrində yoluxmalarda artım qeydə alınır. Biz də həmin məlumatları ciddi şəkildə izləyirik və izləməliyik. Yəqin ki, həmin nəticələrdən asılı olaraq ölkəmizdə də bəzi qaydalarda dəyişikliklər olacaq. - Gündəlik yoluxma sayının azlığı qapalı məkanlarda tibbi maskalardan istifadənin ləğvi üçün səbəb ola bilərmi? - Bildiyiniz kimi, bəzi inzibati qaydalar Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Odur ki, maska tələbinin ləğvi məsələsində də hökumətin qərarı olmalıdır. Qərar qəbul olunanda bu barədə ictimaiyyətə məlumat veriləcək. - Əhalinin koronavirus əleyhinə vaksinasiya göstəricisi qarşıya qoyulan hədəflərə uyğundurmu? Vətəndaşlar vaksinasiyada aktiv iştirak edirmi? - Vaksinasiya prosesi arzuolunan səviyyədə davam edir. Amma aşılanma işləri bundan sonra da dayandırılmamalıdır. Unutmamalıyıq ki, virus yox olan deyil. Belə hadisə tarixdə çox nadir görülür. Misal olaraq, təbii çiçək virusu demək olar ki, tamamilə yox olub. Bu da məhz vaksinasiyanın hesabına baş verib. Nəzərə almaq lazımdır ki, virus təbiətdə və insan populyasiyasında sirkulyasiyasını davam etdirəcək. Ona görə də vaksinasiya prosesi davam etməlidir. Amma qrip virusunda, eləcə də başqa xəstəliklərdə olduğu kimi zaman keçdikcə bu da tövsiyə xarakteri daşıyacaq. Risk qruplarına daxil olanların, xroniki xəstəlik ilə yaşayanların, eləcə də yaşlı insanların aşılanması daha çox tövsiyə olunacaq. Misal olaraq, insanlar qrip əleyhinə peyvəndi hər il bir dəfə vurdurur. Hətta elə xarici təşkilatlar var ki, öz əməkdaşlarından bunu tələb edir. Bu səbəbdən tədricən koronavirus əleyhinə vaksin qripə qarşı vurulan peyvənd kimi ildə bir dəfə vurula bilər. Hətta bəzi məlumatlara görə, həm qripə, həm də COVID-19-a qarşı vaksinasiya üçün yararlı olan preparat hazırlanır. Məqsəd bunun ikisini bir yerdə həyata keçirməkdir. Bütün bunların hamısı hələlik gözləntilərdir. - COVID-19-dan qorunma üsulları dəyişməz olaraq qalırmı? - Hesab edirəm ki, son iki ildə bizdə respirator gigiyena mədəniyyəti formalaşıb. Biz bunu itirməməliyik. Xüsusilə də payız-qış mövsümündə buna ciddi riayət etmək lazımdır. Müşahidələrim göstərir ki, yaşlı nəslin nümayəndələri maskalarını küçədə belə çıxarmırlar. Bu, çox gözəl davranışdır. Onlar özlərini tək koronavirusdan deyil, digər yoluxucu xəstəliklərdən qorumuş olurlar. Əl təmizliyi də mütləqdir. Bir çox xəstəliklərin öhdəsindən gəlmək üçün də vaksinasiya qaçılmaz addımdır. - Son zamanlar Azərbaycanda daha çox hansı viruslara rast gəlinir? - Ölkədə respirator virus infeksiyaları ilə bağlı epidemioloji vəziyyətlə bağlı məlumatlar məndə yoxdur, ona görə də bunu şərh edə bilmərəm. Bu işlərə Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji Xidməti nəzarət edir. Həmin qurum ölkədə ümumi xəstələnməyə nəzarət edir. Lakin hər zaman qeyd edirdik ki, koronavirus infeksiyasının simptomları bildiyimiz respirator viruslardan fərqlənmir. Virusun əvvəlki ştamları ağır gedişatı ilə fərqlənirdi. Ən əsas da tənəffüs çatışmazlığı qeydə alınırdı. Bu simptomda müəyyən qədər fərqləndirmə edə bilirdik. Lakin “Omikron” ştamı daha yüngül simptomlarla müşahidə olunur və onu digər respirator viruslardan fərqləndirməyə imkan vermir.